Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar foto sərgi və anım tədbiri keçirilib
Bu gün Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunda 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar foto sərgi və anım tədbiri keçirilib. Foto sərgi və anım tədbirində Azərbaycan diasporunun nümayəndələri, gənclər və Baş Konsulluğun əməkdaşları iştirak ediblər. Foto sərgi ilə tanışlıq və gül dəstələrinin fotoşəkillərin qarşısına qoyulması ilə başlayan anım tədbiri şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, çıxışlar və 20 Yanvar hadisələrinə dair filmin nümayiş olunması ilə davam edib.
Baş Konsulluğun başçısı Şöhrət Mustafayev tədbirdə çıxış edərək, 35-ci ildönümünü andığımız 20 yanvar hadisələrinin, XX əsrin əvvəllərində olduğu kimi, bir daha Azərbaycan xalqının iradəsinin sarsılmazlığının və daima öz müqəddəratına sahib çıxa biləcək qüdrətdə olmasının təsdiqi olaraq diqqətə çatdırıb. O, ən yeni tariximizə “Qara Yanvar” kimi yazılan 20 yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, müasir Azərbaycanın taleyində dönüm nöqtəsi olaraq milli kimliyimizin formalaşmasında və dövlət müstəqilliyimizin bərpa olunmasında həlledici amil olduğunu qeyd edib.
Çıxışının sonunda Ş. Mustafayev, cənab prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, 20 yanvar hadisələrinin müstəqilliyimizə və suverenliyimizə doğru gedən yolda xalqımızın dünyaya böyük qəhrəmanlıq nümunəsi göstərdiyini vurğulayıb.
Daha sonra “Oazis” Azərbaycan məktəbinin direktor müavini Aytən Baxşıyeva, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Yekaterinburq Dağ-Mədən Universitetinin Professoru Niyaz Vəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə və gənclər çıxış edərək, 20 yanvar hadisəsinin faciə ilə yanaşı, xalqımızın tarixinə yazılan qəhrəmanlıq dastanı kimi qeyd olunduğunu bildiriblər.
Eyni gün, “Oazis” Azərbaycan məktəbində şagirdlər tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş rəsm kompozisiya hazırlanaraq məktəbin müəllim və şagird heyətinə təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.