Laser Beauty Estetik Klinikasının baş həkimi Rəna Soltanova yenidən gündəmə gəlib.
Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi klinkada yoxlama aparıb. Yoxlama zamanı Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova Analitik Ekspertiza Mərkəzinin nümayəndələrinə qarşı kobudluq edib.
Mediada gedən məlumatlardan aydın olur ki, baş həkim və klinikanın rəhbəri yoxlama aparan mütəxəssislərin üstünə qışqıraraq telefonu onların üzərinə çırpıb. Həmçinin yoxlama aparan şəxsləri işdən çıxartdırqmaqla hədələyib. Yoxlamanın nəticəsi olaraq klinaka ilə bağlı zəruri tədbirlər görülüb. Bildirilir ki, klinikanın fəaliyyəti dayandırılır. Rəna Soltanova isə yoxlamanın nəticəsindən narazı qalıb.
“Klinikamız səkkiz ildir fəaliyyət göstərir. Hər il də yoxlama keçirilir. Bu dəfə də yoxlama keçirilib, amma iddia olunan nöqsanlar absurddur”, – deyə o bildirib.
Baş həkim yoxlama aparanlara qarşı kobudluq etməsi barədə iddiaları da təkzib edib. Rəna Soltanovanın iddialı danışması, hətta “bu belə qalmaz” deyərək bir növ hədə tonuna keçməsi onun kimlərəsə arxalandığı barədə iddialara səbəb olub.
Laser Beauty Estetik Klinikası “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsusdur. Bu MMC-nin təsisçisi isə Rəna Soltanovadır. MMC 2018-ci ildə təsis edilib. 2020-ci ilədək nizamnamə kapitalı 10 manat olub. Həmin il nizamnanə kapitalı 335 658 manata, 1 il sonra isə 587 793 manata qədər artırılıb.
Nizamnamə kapitalının birdən-birə yüksək məbləğə çatdırılması klinikanın məşhurların reklamı sayəsində müştəri sayını artırması ilə izah edilir. Lakin müştərilərinin çox olması hələ klinikanın yüksək səviyyədə xidmət göstərməsi anlamına gəlmir. Hər halda 2023-cü ildə Laser Beauty Estetik Klinikası müzakirələrə səbəb olan qalmaqalla gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, klinikada əməliyyat olunan Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhhətində problemlər yaranıb. Xəstə (etik səbəblərdən adını açıqlamırıq – Reportyor.info) Laser Beauty Estetik Klinikasının “Neapol” filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra, gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb. Məlumatlarda xəstənin ilkin əməliyyat olunduğu Laser Beauty Estetik Klinikasının “Neapol” filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilirdi. Klinikanın ümumilikdə 5 filialı var. Bu filialların hamısının lisenziyasının olub-olmadığı bəlli deyil.
Onu da qeyd edək ki, son günlər estetik əməliyyatlar nəticəsində sağlamlığını itirənlərin sayı artıb. Bu da müvafiq qurumları hərəkətə gətirib. Laser Beauty Estetik Klinikasından aparılan yoxlamalar da prosesin tərkib hissəsidir// reportyor.info
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.