
Bir qız tanıyırdım, Ləman idi adı. Ləman çoxuşaqlı ailədə dünyaya göz açmışdı, atası böyrək xəstəliyindən vəfat etmiş, evdar qadın olan anası 32 yaşından dul qalmışdı. Aran rayonlarının birində ucqar kənddə yaşayan Ləmanı məktəbi bitirər-bitirməz rayon mərkəzində yaşayan məktəb direktorunun oğluna ərə verdilər. Ləmandan fikrini soruşmadan təbbi ki... Ləmandan 20 yaş böyük olan Mətləb Rusiyada yaşamış, dəfələrlə həbsə də düşmüşdü. Ucqar kənddə yaşayan Ləmana bəxtəvərlik verənlər də tapıldı, kənddən canı qurtarır, rayon mərkəzinə köçür. Qayınatası Böyük Vətən Müharibəsi Veteranı idi, uzun illər məktəb direktoru işləmişdi, filan qədər pensiya alırdı, hər il 9 mayda da dövlətin müharibə veteranlarına göstərdiyi diqqət və qayğı sayəsində birdəfəlik bəlli miqdar müavinət də verilirdi. Ləman ailəyə gəlin gələndən sonra anladı ki, yetim, köməksiz qız həyat yoldaşı vəfat edən qayınataya qulluqçu gəlib. Ərköyün oğul Ləmanı çox tez-tez döyür-söyür, ona lazım olmadığını, atasına baxması üçün gətirildiyini bildirirdi. Pensiya və müavinət pulları da Mətləb tərəfindən pis vərdişlərə xərclənirdi. Zavallı Ləman üçün geriyə qayıdış yox idi. Qohum-əqraba israrla bildirdi ki, əri sadəcə ərköyündü, bir uşaq olandan sonra düzələcək. İki uşaq doğuldu, ər düzəlmədi, işgəncələrin sayı artdı. Bir dəfə əri irəli gedərək vurub Ləmanın burnunu da qırdı. Buna görə əri cəza aldımı? Əlbəttə ki yox. Hüquq-mühafizə orqanları da bilirdi Ləmanın əri problemlidir. Rayon mərkəzində yaşayırdılar, dəfələrlə xırda xuliqanlıqla, narkotik satma, istifadə etmə maddələri ilə həbs edilmişdi. Bir səlahiyyətli qurum rəsmisi gəlib Ləmanla maraqlanmadı, əksinə şikayət edəndə qurumlar bildirirdilər ki, söz-söhbətsiz ailə yoxdu...
Mətləb növbəti dəfə narkotiklə həbs edildi. Atası yaşlaşmışdı, növbəti 9 may Qələbə Günü münasibətilə təşkil edilən tədbirdə icra hakimindən xahiş etdi Ləmana məktəbdə xadimə işi versinlər, ölsə gözü arxada qalmasın, bilsin ki gəlin işləyib balalarını saxlayacaq. Ləmanın qayınatası vəfat etdi, Mətləb həbsdən çıxdı, hər gün döyülüb-söyülmələr, şiddət davam etdi. Atanın pensiyası yox idi daha, Ləmanın xadimə maaşına dikilmişdi gözləri. Ləman hər həftə sonu gedib kəndlərindən pendir alır, süd-qatıq gətirir qonşulara satır, səhər tezdən lavaş alıb pendirlə dürmək edir məktəbin həyətində satırdı. Gün ərzində gedib saat 4ə qədər yaşlı, gözdən əlil qadına baxırdı ayda 400 manat müqabilində, ordan çıxıb məktəbdəki işinə gedirdi. 2 oğul övladı böyüdürdü. Necə olsa da evə pul gəlməli idi...
Ötən ilin may ayında növbəti zorakılıq zamanı əri onu küçənin ortasında bıçaqlayıb qətlə yetirdi... Evdən əşyalar götürməyə gedəndə gözümüz üzüm yarpağı bankalarına sataşdı. Yazıq qadın o qədər işləməsinə rəğmən gecələr həyətlərdən üzüm yarpağı dərib bankalara yığıbmış ki, qışda müəllimlərə satsın...
Ləmanın ölmü rəsmi açıqlamalarda “ailə münaqişəsi zamanı qətlə yetirildi kimi verildi”. Heç kim yazmadı ki, Ləman ərə gədiyi ilk gündən məişət zorakılığının qurbanı olub. Heç kim yazmadı ki, Ləman illərdi potensial qatilin, narkomanın qorxusu altında canını dişinə tutaraq yaşayıb. Əgər buna yaşamaq demək mümkün idisə. Bəlkə də Ləman canını qurtardı bu amansız qətllə. Yalan-gercək, hansı yaxınının yuxusuna girsə, deyir yaxşıyam, yerim çox rahatdı...
Ləman tanıdığım qadın idi, misal çəkdim. Ölkədə nə qədər məişət zorakılığına məruz qalan, döyülən, öldürülən, qul kimi işlədilən ləmanlar var. Kim qoruyur onların hüquqlarını, təhlükəsizliyini?
Az qala hər gün məişət zorakılığı ilə bağlı xəbərlər oxuyuruq. Sadəcə oxuyuruq, bir-iki gün sosial şəbəkələrdə müzakirə edirik və unuduruq. Qələm əhli də axına qoşulub sadəcə sosial şəbəkələr üzərindən bir-iki gün, zorakılığın miqyası böyük olarsa, 1 həftə müzakirə edir, işini bitmiş hesab edir. Çünki məişət zorakılığının miqyası barədə sos siqanalı verə bilmirik, bunun üçün əlimizdə statistikaya əsaslanan tutarlı məlumatımız yoxdu. Azərbaycanda genderəsaslı zorakılıqlar üçün normal data yaradılmayıb. Bu işə məsul qurumlar işə məsuliyyətlə yanaşmır. Onların təqdim etdiyi rəqəmlərlə mediada yayılan xəbərlər riyazi dillə desək, tərs mütənasibdir. Qadınlar öldürülür; köməksiz olduğu üçün, müdafiəsiz qaldığı üçün, qadın olduğu üçün. Amma adını ail-məişət məsələsi qoyurlar, hələ sosial şəbəkələrdə qəlbinin bütün kinini qusub, “namus məsələsi” deyib qadın ölümlərinə haqq qazandıranlar bir ayrı qəlb bulandırır.
Nə sirri-xudadırsa, bu qədər qətllərə rəğmən, məişət zorakılığı ağır cinayət əməli kimi qanunvericiliyə daxil edilmir.
Azyaşlı qızlar ərə verilir, ailə qurmaq məqsədilə qaçırılır. Efirə çıxarılırlar, 1 kəlmə “özüm gəlmişəm” dedizdirilir, bununla da problemin önünə pərdə çəkilir. Ən pis halda azyaşlılarla ailə qurmaq istəyən pedofillər yüngülvari cəzalanır. Heç kim çıxıb demir ki, azyaşlının ərə verilməsi genderəsaslı məişət zorakılığıdır. Azyaşlı qızını ərə verən, yaxud qaçırılması halı ilə barışıb övladına sahib çıxmayan hansı ata, yaxud ana ciddi cəzalandırılıb? Bircə valideyn sərt cəza alsa, o birilərə də dərs olar. Qanunlarda olan boşluqlardan hər kəs özünəməxsus yararlanmağa çalışır. Zorakılığa məruz qalan qadınlar çox zaman abrına qısılıb şikayətdən çəkinir. Ürəkli olub hüquqlarını tələb etməyə çalışanlar da maneələrlə üzləşir; məhkəmələr uzadılır, rəylər düz verilmir, məcburi mediasiya barışığına göndərilir. Dəfələrlə şahidi olmuşam, zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarında anlayışla qarşılanmayaraq, günahkar çıxarılmağa çalışılır. Ailə sirrini kənara çıxarmada məzəmmət edilərək, barışıq tövsiyə edilir. Nə baş veriri? Qadının mübarizə əzmi sındırılır, mübarizənin faydası olmadığını görüb ər evinə qayıdır və çox keçmir ya ölüm xəbərini oxuyurq, nadir hallarda ağır yaralanmasını...
Rəsmi statistikaya görə 2024-cü ildə məişət zorakılığına məruz qalmış şəxslərə 325 qısamüddətli, 34 uzunmüddətli mühafizə orderi verilib. 338 mühafizə orderi qadınlara verilib. Bu rəqəm 2023-cü ildə 180 və 16 olmaqla ötən illə müqayisədə 2 dəfə az olub.
Bilməyənlər üçün izah edim ki, yerli icra hakimiyyətləri müraciətdən keçən 24 saat ərzində zorakılığa məruz şəxsi bu sənədlə təmin etməlidir. Uzunmüddətli orderin alınması məhkəmə qərarı ilə icraata götürülür. Dəfələrlə qadınlarla işləyən qht rəhbərləri ilə fikir mübadiləsi aparmışam. Hər biri etiraf edib ki, zorakılığa məruz qalan qadınların sayı hır il artır və biz onları lazımınca qoruya, müdafiə edə bilmirik. Mühafizə orderləri ödənişlidir, maddi imkanı olmayanlar bəhrələnə bilmir, risk altındadırlar. Uzunmüddətli mühafizə orderinin qiyməti əvvəllər 10 manat idi, son illər 100 manata qaldırılıb. İqtisadi asılılığı olan, zorakılıq görən qadının bu məbləği tapa bilməsi əlçatan deyil, ona görə də döyülür, söyülür, öldürülür.
Qadınlara qalxan əlləri saxlayın! Qanundakı boşluqları yoluna qoyun. Qadınlar üçün qorunmanı əlçatan edin. Onlar qalib dövlətdə özlərini güvəndə hiss etsin. Onlar qalib Azərbaycan əsgərinin anasıdır, bacısıdır. Nə edirsizsə, edin. Yetər ki, Ləmanlar ölməsin!
Elnurə Abuşova