Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri
Son günlər Türkiyədə təhsil müəssisələrində ard-arda baş verən silahlı hücumlar cəmiyyətin diqqətini yenidən məktəblərdə təhlükəsizlik və psixoloji mühit məsələlərinə yönəldib. Bu cür hadisələr təkcə fiziki təhlükəsizlik boşluqlarını deyil, həm də şagirdlərin psixoloji vəziyyətinə yetərincə diqqət ayrılmadığını açıq şəkildə göstərir. Eyni problem, müəyyən mənada, Azərbaycanda da müşahidə olunur.
Məktəblər yalnız bilik ötürən qurumlar deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Bu mühitdə psixoloji sağlamlıq əsas rol oynayır. Lakin reallıq ondan ibarətdir ki, bir çox təhsil ocaqlarında psixoloq ştatları ya kifayət qədər deyil, ya da mövcud mütəxəssislərin fəaliyyəti formal xarakter daşıyır. Aşağı əməkhaqqı, motivasiya çatışmazlığı və iş yükünün qeyri-adekvat bölüşdürülməsi psixoloqların effektiv fəaliyyətinə mane olan əsas amillərdəndir.
Motivasiyası olmayan və peşəkar dəstək almayan psixoloqdan yüksək nəticə gözləmək çətindir. Halbuki məktəb psixoloqları erkən müdaxilə baxımından ən operativ fiqurlardır. Onlar şagirdlərdə aqressiya, depressiya, sosial izolyasiya kimi riskli davranışları vaxtında aşkar edib qarşısını ala bilərlər. Bu isə potensial təhlükələrin önlənməsi üçün vacib şərtdir.
Problemin həlli üçün ilk növbədə təhsil müəssisələrində psixoloq ştatlarının artırılması zəruridir. Bununla yanaşı, onların əməkhaqqı artırılmalı, peşəkar inkişaf imkanları genişləndirilməli və fəaliyyətlərinə real nəzarət mexanizmləri tətbiq olunmalıdır. Hesabatlılıq sistemi formal deyil, keyfiyyət yönümlü olmalıdır.
Digər mühüm istiqamət isə vətəndaş cəmiyyəti institutlarının bu prosesə cəlb edilməsidir. QHT-lərin və sosial təşəbbüslərin məktəblərə çıxışı asanlaşdırılmalıdır. Bu qurumlar məktəb psixoloqları ilə əməkdaşlıq edərək problemli ailələr və risk qrupuna daxil olan uşaqlarla maarifləndirici tədbirlər, təlimlər və psixososial dəstək proqramları həyata keçirə bilərlər. Belə əməkdaşlıq həm məktəb daxilində, həm də məktəbdənkənar mühitdə davamlı təsir yarada bilər.
Təhsil ocaqlarında baş verən neqativ hadisələrin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. Fiziki təhlükəsizlik tədbirləri ilə yanaşı, psixoloji dəstək sistemi gücləndirilməli, mütəxəssislərin rolu artırılmalı və cəmiyyətin bütün təbəqələri bu prosesə cəlb olunmalıdır. Yalnız bu halda məktəblər həqiqətən təhlükəsiz və sağlam inkişaf mühitinə çevrilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.