“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2025-ci ilin may-–sentyabr ayları ərzində həyata keçirdiyi “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsini uğurla başa çatdırıb.
QHTaz xəbər verir ki, layihə rəhbəri Kubra Ələkbərova bildirib ki, layihə iki əsas istiqamət üzrə icra olunub: I istiqamət – sığınacağın fəaliyyətinin təmin edilməsi; II istiqamət – maarifləndirmə tədbirlərinin təşkili. Layihə müddətində sığınacaqda göstərilən xidmətlərdən ümumilikdə 557 nəfər qadın və uşaq faydalanıb. Onlardan 19 nəfəri insan alveri qurbanı, 536 nəfəri isə insan alverinin potensial qurbanı olublar. 102 uşaq (57 qız, 45 oğlan) təhsilə, 63 uşaq (29 qız, 34 oğlan) isə məktəbəqədər təhsilə bərpa edilib. Bu fəaliyyətlər zərərçəkmişlərin təhlükəsizliyinin təmin olunması, onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edib.
Bölgənin ali və orta təhsil müəssisələrində maarifləndirmə seminarları təşkil olunub. Tədbirlər Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec və Bakı Dövlət Universitetinin Qazax filialında təşkil olundu. Seminarlar zamanı tələbələrə məişət zorakılığı və insan alverinin mahiyyəti, onların cəmiyyət üçün sosial-iqtisadi nəticələri, eləcə də mövcud mübarizə və müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib. Maarifləndirmə tədbirlərində ümumilikdə 130 nəfərdən çox tələbə iştirak edib.
Son təşkilat rəhbəri qeyd etdi ki, layihə bölgədə məişət zorakılığı və insan alveri ilə mübarizə sahəsində həm zərərçəkmişlərin müdafiəsinə yönəlmiş dəstək mexanizmlərinin gücləndirilməsi, həm də gənclərin maarifləndirilməsi baxımından mühüm rol oynayıb. Nəticə etibarilə bu təşəbbüs ictimai şüurun artırılmasına, zorakılığa yol açan mövcud stereotiplərin dəyişdirilməsinə, zərərçəkmiş qadın və uşaqların psixo-sosial xidmətlərə əlçatanlığının genişləndirilməsinə əhəmiyyətli töhfə verib.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.