“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbiri 29 sentyabr 2025-ci il tarixində Lənkəran şəhərində 1 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Elnurə Abuşova tədbirin təşkilinə göstərilən dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinə, Elm və Təhsil Nazirliyinə, Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Lənkənar şəhər Mediasiya Təşkilatına təşəkkür bildirildi.
Layihə rəhbəri çıxışında layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğuladı. O, qızların təhsildən yayınmamasının, sosial inkişaf imkanlarının artırılmasının və erkən nikah risklərindən qorunmasının cəmiyyət üçün önəmini qeyd etdi.
Elnurə xanım qeyd etdi ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01.08.2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların İşıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin incrasına başlamışdır. Layihənin əsas məqsədi erkən nikahların qarşısının alınması, qızların təhsilə daha çox cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviq edilməsidir. Bu məqsədə nail olmaq üçün maarifləndirmə tədbirləri və media kampaniyası vasitəsilə fərqli sosial qruplar arasında davranış və təcrübə dəyişiklikləri təşviqi həyata keçirilmişdir .
Layihənin icrasının nəticəsi olaraq valideynlər, icma liderləri və cəmiyyət arasında erkən nikahın mənfi təsirlərinə dair məlumatlılığın artırılması, qızların təhsilinə dəstək verilməsinə təşəbbüs, gənc qızların öz potensiallarına inanaraq həm təhsil, həm də peşəkar bacarıqlarını inkişaf etdirməyə həvəsləndirilməsinə töhfə verməkdir.
Sonra çıxış üçün söz Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru
Ramin Şükürova verildi. R. Şükürov təhsilli qızların üstünlüklərindən danışaraq təəssüflə bildirdi ki, bəzi gənc qızların arzuları başqalarının qərarları ilə tükənir. Erkən nikahlar onların təhsil yolunu yarımçıq qoyur, arzularını gerçəkləşdirməyə imkan vermir. Təsəvvür edin: bir qızın həyatında oxunmamış kitablar, öyrənilməmiş biliklər, kəşf edilməmiş bacarıqlar var. Erkən nikahla bu səhifələr bağlanır və o, öz hekayəsini sona qədər yaza bilmir. Hər bir qızın içində potensial, istedad və bacarıq var, amma bunları ortaya çıxarmaq üçün zaman və dəstək lazımdır. Təəssüf ki, erkən nikah və təhsil imkanlarının məhdudlaşdırılması bu bacarıqları gerçəkləşdirməyə imkan vermir.
Təhsil isə həyatın açarıdır. Təhsil alan qız yalnız özünü inkişaf etdirmir, həm də cəmiyyətə fayda verir. O, biliklərlə silahlanır, qərar vermə bacarığı qazanır, öz imkanlarını reallaşdırır və gələcəkdə başqalarına örnək olur. Təhsilli qızın təsiri yalnız özü ilə məhdudlaşmır; o, ailəsini, icmasını, ölkəsini dəyişdirə bilir.
Hər birimiz bu məsələdə məsuliyyət daşıyırıq. Valideynlər övladlarının təhsilinə dəstək olmalı, onları arzularını həyata keçirməkdə təşviq etməlidirlər. Müəllimlər və təhsil işçiləri gənclərə yol göstərməli, onları hər gün öyrənməyə və bacarıqlarını inkişaf etdirməyə həvəsləndirməlidirlər. Cəmiyyət və yerli icmalar isə erkən nikahların qarşısını almaqda aktiv rol oynamalıdır. Çünki qızların vaxtını dəyərləndirmək, onların təhsilini qorumaq yalnız bir ailənin deyil, bütün cəmiyyətin gələcəyinə sərmayə qoymaq deməkdir.
Sonra söz Lənkəran 1 saylı Mediasiya Təşkilatının Astara rayonu üzrə mediatoru Orxan İbrahimova verildi. Orxan İbrahimov üzünü şagirdlərə tutaraq səsləndi:
"Əziz dostlar, gəlin vaxtımızı boş şeylərə yox, dəyərli işlərə sərf edək. Oxumağa, öyrənməyə, insanlara fayda verməyə çalışaq. Və gəlin elə bir cəmiyyət yaradaq ki, hər qızın vaxtı səmərəli keçsin, hər biri öz həyat kitabını sona qədər yaza bilsin. Hər qızın təhsilə çatması onun arzularını reallaşdırması, bacarıqlarını göstərməsi deməkdir – bu isə yalnız şəxsi uğur deyil, bütöv bir cəmiyyətin inkişafıdır.
Unutmayaq ki, hər saniyə bir fürsətdir – onu itirmək isə yalnız bir günü deyil, bəzən bir ömrü itirmək deməkdir. Bizim vəzifəmiz, hər bir qızın bu fürsəti dəyərləndirməsi üçün şərait yaratmaqdır. Çünki təhsil və vaxt, birlikdə, hər bir insanı güclü, bacarıqlı və müstəqil edir.
Gəlin bu gün qərar verək: gənclərin, xüsusən qızların vaxtını və imkanlarını qoruyacağıq, onları təhsilə təşviq edəcəyik və hər birinin öz həyat kitabını yazmasına yardım edəcəyik. Çünki gələcək onların əlindədir, amma bu gələcəyin açarı bizdən başlayır".
Sonra çıxış üçün söz Lənkəran şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar və tərbiyə işlərinin kuratoru Axundzadə Cəmilə verildi. Cəmil müəllim çıxışında, rayon üzrə görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə məlumat verdi, qeyd etdi ki, rayonda qurumların bir-biri ilə koordinasiyalı işləməsi nəticəsində yuxarı sinif şagirdləri pis vərdişlərdən uzaqdı, qızlar erkən nikaha yox, təhsil almağa, peşə bacarıqlarına yiyələnməyə üstünlük verirlər. Sevindirici haldır ki, bu tədris ilində Lənkıran məktəbliləri ən yüksək bal toplayan şagirdlər sırasındadır.
Ardınca söz alan “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Ashumova isə erkən nikahların qızların ruhunda açdığı izlərdən danışaraq qeyd edib ki, erkən nikaha məcbur edilən qızların çoxu uşaqkən uşaq olmağı unudur. Onlar özlərini ailə yükünün, məsuliyyətin altında tapır, arzularını içində basdırır. Bu, onların azad seçim haqqının əlindən alınmasıdır. Kəmalə xanım əlavə edib ki, hər bir qızın güvənə biləcəyi, danışa biləcəyi bir ünvan olmalıdır və “Uşaq Qaynar Xətti” məhz bunun üçün fəaliyyət göstərir. O vurğulayıb: “Bu layihə təkcə qızlara hüquqlarını öyrətmir, onlara ‘sən bacaracaqsan, sən dəyərlisən’ mesajını da verir.”
Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə etmişlər. Qaynar xəttin operatorları ilə canlı ünsiyyət yaradılaraq uşaqlara müraciət mexanizmi əyani şəkildə göstərilmişdir. Bununla yanaşı, tədbir zamanı həm uşaqları, həm də valideynləri maraqlandıran suallar səsləndirilmiş, mövzu ətrafında diskussiya aparılmış və bütün suallar ətraflı şəkildə cavablandırılmışdır. Görüş iştirakçılar üçün aktual mövzular ətrafında müzakirələr və maarifləndirici çıxışlarla davam etdi.