TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə vətəndaşları ilə yanaşı əcnəbilərə də xidmət göstərməyi hədəfləyir.
Bunu Birliyin Strateji İnkişaf Mərkəzinin Rəhbəri Murad Mirzəyev Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
"Bu gün xəstəxanalarımızda vətəndaşlarımıza xidmət göstərmək üçün kifayət qədər yaxşı imkanlar var. Bununla yanaşı, biz artıq növbəti mərhələdə əcnəbilərə də xidmət göstərməyi hədəfləyirik. Bu istiqamətdə ilk addımlar atılıb və ölkədə turizm konsepsiyasının hazırlanması ilə bağlı işlər görülüb. Dövlət Turizm Agentliyi ilə birgə Tədbirlər Plan hazırlanıb və artıq icra edilir. Biz hədəf ölkələri araşdırmışıq. Gələn ilin martında hədəf ölkələrdən bir qrup medagent və turoperator ölkəmizə dəvət ediləcək", - deyə o qeyd edib.