Tayvan aviaşirkəti ölən stüardessadan xəstəlik məzuniyyəti istəyib
Tayvanın "Eva Air" aviaşirkəti ölən stüardessanın ailəsindən rəsmi üzr istəyib, çünki şirkətin nümayəndəsi onun ölümündən sonra onun sənədlərini səhvən tələb edib, "BBC" yazır.
Sun soyadlı 34 yaşlı stüardessa oktyabrın 8-də Tayçunq xəstəxanasında dünyasını dəyişib. Sentyabrın 24-də Milandan Taoyuana uçarkən özünü pis hiss edib və uçuşdan sonra xəstəxanaya yerləşdirilib.
Onun ölümündən bir neçə gün sonra Sunun ailəsi Eva Air şirkətinin əməkdaşından stüardessanın xəstəlik məzuniyyəti üçün müraciət etdiyini təsdiqləməyi xahiş edən SMS aldı. Qohumları ölüm şəhadətnaməsinin surəti ilə cavab verdilər, bundan sonra hekayə geniş ictimaiyyətin qəzəbinə səbəb oldu.
Bildirilir ki, Tayvan hakimiyyəti və aviaşirkətin rəhbərliyi qadına tibbi yardım göstərilmədiyini və ya səhhətinin pisləşməsinə baxmayaraq işini davam etdirməsi üçün təzyiq edilib-edilmədiyini müəyyən etmək üçün araşdırmaya başlayıb.
Stüardessanın öldüyü Tayçunqdakı Çin Tibb Universitetinin xəstəxanası onun ölümünün rəsmi səbəbini hələlik açıqlamayıb.
Daha sonra aviaşirkət əməkdaşın ailəsinə başsağlığı verib və “işçilərin və sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin şirkətin əsas prioriteti olduğunu” vurğulayıb.
"Xanım Sunun gedişi bizim ürəyimizdə əbədi ağrı olaraq qalacaq. Biz maksimum məsuliyyətlə araşdırma aparmağı öhdəmizə götürürük", - şirkətin prezidenti Sun Jia-Min şərh edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.