AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məcburi köçkün statusu yenidən tənzimlənir: Dövlətin təklif etdiyi mənzildən imtina statusun itirilməsi ilə nəticələnəcək

  • + A
  • - A
  • Bu gün, 17:48

    Məcburi köçkün statusu yenidən tənzimlənir: Dövlətin təklif etdiyi mənzildən imtina statusun itirilməsi ilə nəticələnəcək


    İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin sürətləndirilməsi məqsədilə qanunvericiliyə təklif olunan dəyişikliklər cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Dəyişikliklər məcburi köçkün statusunun hansı hallarda saxlanılması və ya itirilməsi məsələsinə yeni yanaşma gətirir.

    Azadmedia.az mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camalın fikirlərini öyrənib.


    Onun sözlərinə görə, Azərbaycan dövlətinin qarşısında duran əsas strateji hədəflərdən biri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanı təmin etmək və Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. Məhz bu məqsədlə qaçqınların və məcburi köçkünlərin statusunu tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər təklif edilir.

    Aqil Camal bildirib ki, hazırda qüvvədə olan qaydalara əsasən, məcburi köçkün yalnız doğma yurduna qayıtdıqda və ya dövlət tərəfindən həmin ərazidə başqa yaşayış sahəsi ilə əvəzsiz təmin edildikdə bu statusu itirir. Yeni qanun layihəsində isə əlavə bir mexanizm nəzərdə tutulur. Belə ki, dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə təklif olunan yaşayış yerindən əsassız şəkildə imtina edən şəxslər də məcburi köçkün statusunu itirə biləcəklər.

    İctimai Şura üzvü qeyd edib ki, dövlət azad edilmiş şəhər və kəndlərdə müasir standartlara uyğun yaşayış məntəqələri, sosial obyektlər və infrastruktur qurur. Bu günə qədər minlərlə ailə öz doğma yurdlarına qayıdıb və proses mərhələli şəkildə davam edir.

    Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan mühüm yeniliklərdən biri də köçürülən vətəndaşlara verilən mənzillərin hüquqi statusu ilə bağlıdır. Əvvəllər xidməti mənzil kimi təqdim olunan yaşayış sahələri artıq vətəndaşların şəxsi mülkiyyəti kimi rəsmiləşdirilir və onlara Çıxarış verilir.

    Aqil Camal hesab edir ki, bəzi hallarda vətəndaşların dövlət tərəfindən təklif olunan mənzillərə köçməkdən imtina etməsi müəyyən suallar yaradır. Onun fikrincə, hər bir vətəndaşın yaşayış yerini seçmək hüququ var. Uzun illər ərzində Bakıda və ya digər şəhərlərdə həyat quran şəxslərin həmin ərazilərdə qalmaq istəyi təbiidir. Lakin dövlət doğma yurdunda mənzil təqdim etdiyi halda, həmin şəxsin həm bu imkandan istifadə etməməsi, həm də məcburi köçkün statusunu və bu statusa bağlı ödənişləri saxlamağa davam etməsi yeni yanaşmaya görə mümkün olmayacaq.

    O bildirib ki, əvvəlki praktika dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaradırdı. Çünki dövlət bir tərəfdən vətəndaş üçün yeni ev inşa edir, digər tərəfdən isə həmin şəxs köçməkdən imtina etsə belə, ona sosial ödənişlərin verilməsi davam edirdi. Təklif olunan dəyişikliklərin məqsədi bu vəziyyəti hüquqi baxımdan tənzimləməkdir.

    Müzakirə olunan qanun layihəsində keçid müddəaları da xüsusi yer tutur. Aqil Camalın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış yeri ilə əvəzsiz təmin olunmuş şəxslərin məcburi köçkün statusu avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək.

    İctimai Şura üzvü hesab edir ki, təklif olunan dəyişikliklər Böyük Qayıdış prosesinin daha sürətli həyata keçirilməsinə stimul verəcək, eyni zamanda dövlət tərəfindən ayrılan sosial dəstək və yardımların daha ünvanlı və ədalətli şəkildə bölüşdürülməsinə şərait yaradacaq.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR