AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vikipediya birləşdirir

  • + A
  • - A
  • Bu gün, 21:19

    Vikipediya birləşdirir

    Bu gün Azərbaycan, o cümlədən bütün dünya ölkələri ilə bağlı tarixi həqiqətlərin, elmi mətbuatların, milli və etnik dəyərlərin dünyaya çatdırılmasında mətbuatın, sosial şəbəkələrin oynadığı mühüm rolla yanı sıra “VİKİPEDİYA” elektron ensiklopediyasının rolu əvəzsiz və əhəmiyyətlidir. 348 dildə fəaliyyət göstərən vikipediya onlayn ensiklopediyası sırasında Azərbaycan dilli vikipediya öz mövqeyini 55-ci yerdə qoruyub saxlayır ki, bu da mənə görə yüksək göstəricidir.
    Vikipediya tarixi yoluna1999-cu ildə, Nupediya layihəsi ilə başlayıb. Layihənin baş redaktoru, ABŞ-nin Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və layihəni maliyyələşdirən  Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya Nupediyanı yaradıblar.
    2000-2003-cü illərdə fəaliyyət göstərən Nupediya ensiklopediyasının bazası əsasında 2001-ci il yanvarın 15-dən Vikipediya  fəaliyyətə başlayıb ( Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə olub). Azərbaycandilli vikipediya isə öz fəaliyyətinə üç il sonra 2004-cü ildən başlayıb. “Vikipediya” sözü mənşəyini "wiki" (söz özü havay dilində “tez” deməkdir) və "encyclopedia” (ensiklopediya) sözlərindən götürüb.
    Vikimedia Fondu tərəfindən yaradılmış Vikipediya onlayn ensiklopediyasını, Britannika kimi, o cümlədən Nupediyadan və digər internet ensiklopediyalarından fərqləndirən əsas cəhəti onun hər kəsə açıq olması, istənilən internet istifadəçisi yəni könüllü istifadəçilər tərəfindən redaktə edilə bilməsidir. Bu da, öz növbəsində ensiklopediyanın sürətlə zənginləşməsinə, məqalə sayının sürətlə artmasına rəvac verib. Bu gün Vikipediya, internet məkanındakı saytlar sırasında müraciətlərin sayına, informasiyanın həcmi və tutumuna görə yüksək reytinqli platformadır. Vikimedia Fondunun Vikipediya ilə yanaşı digər 11 layihəsidə (Vikilüğət, Vikisitat, Vikikitab, Vikimənbə, Vikixəbər, Vikiversitet, Vikinövlər, Media Viki, Vikidata, Vikianbar, Vikisəyahət, Meta-Viki) vardır. Mənim ən çox müraciət etdiyim layihələr Vikipediya, Vikianbar və Vikidatadır.
    Bu gün azərbaycandilli Vikipediya da nəhəng bilik sisteminin ayrılmaz hissəsi kimi inkişafını davam etdirir. Dünya ölkələri, o cümlədən Azərbaycanla bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında mətbuat, sosial şəbəkələrlə yanaşı, Vikipediya elektron ensiklopediyasının rolu böyükdür: 348 dildə fəaliyyət göstərən vikipediya onlayn ensiklopediyası arasında Azərbaycandilli vikipediya özünəməxsus mövqeyini qoruyub saxlayır. Azərbaycandilli vikipediya dünya ölkələrinin vikipediyaları sırasında dərinlik baxımından 55-ci yerdə mövqeyini qoruyur. 922 aktiv istifadəçisi olan azərbaycandilli Vikipediyada hal-hazırda 215 mindən çox məqalə yer alıb. Bu günə kimi edilən redaktələrin sayı isə 8.951.299 -dur.
    Vikipediyaya töhfə vermək istəyən istənilən şəxs istifadəçi profili açaraq var olan məqalələrə öz əlavələrini etməklə kiçik və əsaslı redaktə edə və yaxud da yeni məqalələr yarada bilər. Təbii ki, əlavə edilən məlumatlar sağlam mənbələrə, istinadlara əsaslanmalıdır və istinadı olmayan məqalə dolğun, tam məqalə hesab edilmir. Belə məqalələr müəyyən vaxtlarda digər istifadəçilər tərəfindən genişləndirilir. Uzun müddət heç bir əlavələr edilməyən, mənbəsi olmayan və ya zəif mənbəsi olan məqalələr müəyyən vaxtdan sonra “Silinməyə Namizəd Səhifəsində (SNS)” müzakirəyə qoyularaq, səsvermə nəticəsində Vikipediyanın adminləri tərəfindən Vikipediyadan silinir.
    Məqalə yaratmaq istəyən istifadəçi ilk olaraq yaradacağı məqalənin ensiklopediklik meyarlarına uyğun gəlib-gəlmədiyinə əmin olmalıdır ki, bunun üçün Vikipediyanın “Vikipediya: Ensiklopedik əhəmiyyətlilik” bəndini oxuyub, məlumatlanmalıdır. Qeyd etməliyəm ki, Ensiklopedik əhəmiyyətlilik redaktorlar tərəfindən müəyyən bir mövzunun öz müstəqil məqaləsinin mövcud olmasına uyğun olub-olmamasına qərar vermək üçün istifadə edilən testdir.
    Vikipediyada məqalə yaratmaq üçün qeydiyyatdan keçmək şərtdir. Bunun üçün Vikipediyanın Ana səhifəsində “Hesab yarat”a daxil olub, qeydiyyatdan keçmək lazımdır. Yaradılan məqalələrə Vikipediya adminlər tərəfindən nəzarət olunur. Vikipediya həmçinin vandalizmlə də mübarizə aparan onlayn platformadır. Məqalələrin məzmununun qəsdən təhqir, söyüş, əhəmiyyətsiz məlumatlarla dəyişdirilməsi,  silinməsi və ya tamamilə mənasız mətnlərin əlavə edilməsi qadağandır. Bu, Vikipediyadakı idarəçilər tərəfindən xüsusi diqqətdə saxlanılır və nəzarət edilir.
    Onu da vurğulamalıyam ki, Ensiklopediyanın əsas tələblərindən başlıcası yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytrallığın qorunmasıdır.
    Hazırda Vikipediya dünyada və ölkəmizdə ən çox daxil olunan saytlar sırasında öncüllüyünü qoruyub saxlayır. B liderlikdə Vikipediyanı hər gün töhfələri ilə zənginləşdirən könüllülərin əməyi böyükdür. Azərbaycandilli Vikipediya gündən-günə zənginləşir ki, bu da doğma dilimizdə olan məqalələrin əlçatanlılığını asanlaşdırır. Azərbaycanda yeni istifadəçilərin Vikipediyaya cəlb edilməsində təcrübəli təlimçilər, istifadəçilər var fəaliyyət göstərirlər. Vikipediyada bəzən rast gəlinən qeyri-dəqiq məlumatlar aktiv istifadəçilər tərəfindən operativ şəkildə redaktə olunur. 
    Bu gün zəngin məlumat mənbəyi olan azərbaycandilli Vikipediyada çatışmazlıqlar da vardır. Humanitar elmlərdən fərqli olaraq, tətbiqi və təbiət elmlərində (kimya, riyaziyyat və fizika kimi elm sahələrində) məlumatlar azdır. Bu tipli məqalələrin terminoloji baxımdan mürəkkəbliyi, bu tipli məqalələrin mütəxəssislər tərəfindən hazırlanmasını zəruri edir ki, bu da mütəxəssislərin platformaya zaman və əmək sərf etməsini tələb edir. Çünki hər hansı bir texniki səhv məqalənin məzmununu tamamilə dəyişə bilər. Humanitar sahədə isə belə problemlər, yoxdur.
    Son dövrlərdə süni intellekt baza və tətbiqlərindən geniş istifadə Vikipediyanın aktuallığını itirdiyi düşüncəsini yaratsa da, mənə görə bu məsələdə doğruluq payı zəifdir. Nəzərə alaq ki, Vikipediyada insan faktoru və mənbə şəffaflığı əsasdır, gələcək zaman dilimində Vikipediya və süni intellekt bir-birini əvəz etməyəcək, əksinə, paralel şəkildə inkişaf edərək məlumat bazasının genişlənməsinə xidmət göstərəcəklər.
    “Vikipediya birləşdirir” şüarımda dediyim kimi 348 dil ailəsindən olan mədəniyyətləri, tarixləri birləşdirən bu nəhəng məlumat bazası günü-gündən böyüyərək müxtəlif xalqlar arasında informasiya mübadiləsi, dostluğu, barışı təbliğ edən də onlayn ensiklopediyadır.

    Xəyalə Məmmədli,
    Azərbaycan vikimediaçıları istifadəçi qrupunun üzvü, Azərbaycan dilli vikipediyanın təcrübəli istifadəçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR