Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsi şəhərin nəqliyyat sisteminin gələcəyi baxımından mühüm addım hesab olunur. Layihənin həyata keçirilməsi nəticəsində qatarların hərəkət intervalının azalacağı, sərnişindaşımanın daha səmərəli təşkil ediləcəyi bildirilir. Bu baxımdan layihənin strateji əhəmiyyəti danılmazdır.
Lakin əsas sual başqadır: dövlətin həyata keçirdiyi infrastruktur layihəsinin maliyyə yükünü niyə sərnişin çəkməlidir?
Avqustun 15-dən başlayacaq və təxminən 10-11 ay davam edəcək tikinti müddətində "Nizami" – "28 May" stansiyaları arasında sərnişinlərin ekspres avtobuslarla daşınacağı açıqlanıb. Bu avtobusların isə ödənişli olacağı bildirilib. Bu qərar xüsusilə hər gün metrodan istifadə edən minlərlə tələbə, müəllim, dövlət qulluqçusu və aşağı gəlirli vətəndaş üçün əlavə xərc deməkdir.
Onsuz da yüksək kirayə haqqı, bahalaşan ərzaq məhsulları və gündəlik xərclər altında əzilən tələbələr indi bir də əlavə nəqliyyat haqqı ödəməli olacaqlar. Bir çox universitetdə tələbələr hətta ən sadə ehtiyaclarını belə çətinliklə qarşılayırlar. Təhsil müəssisələrinin bufetlərində qiymətlərin baha olması, tələbə yataqxanalarının çatışmazlığı və nəqliyyat güzəştlərinin olmaması illərdir müzakirə olunan problemlərdir.
Belə bir şəraitdə dövlət layihəsi səbəbindən yaranan məcburi marşrut dəyişikliyinə görə vətəndaşdan əlavə ödəniş tələb etmək sosial ədalət prinsipinə uyğun görünmür.
Əgər bu layihə dövlət investisiyasıdırsa, onun keçid dövründə yaranan narahatlıqların kompensasiyası da dövlət tərəfindən təmin edilməlidir. Dünyanın bir çox ölkəsində analoji hallarda əvəzedici avtobus marşrutları sərnişinlər üçün pulsuz təşkil edilir ki, insanlar tikinti işlərinin yükünü öz büdcələri hesabına daşımalı olmasınlar.
Əlbəttə, Bakı Metropoliteninin qatar intervallarını azaltmaq, xidmət keyfiyyətini yüksəltmək istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Lakin uzunmüddətli fayda naminə bugünkü sosial yükün vətəndaşın üzərinə qoyulması düzgün yanaşma sayıla bilməz.
İslahatlar insan naminə aparılırsa, ilk növbədə insanın cibini və sosial vəziyyətini nəzərə almaq lazımdır. Əks halda, yaxşı niyyətlə başlayan layihələr belə cəmiyyətdə narazılıq yarada bilər. Dövlət layihəsinin uğuru yalnız texniki göstəricilərlə deyil, vətəndaşın bu prosesi nə dərəcədə ədalətli hesab etməsi ilə də ölçülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.