Sumqayıt şəhərində MİDA tərəfindən inşa edilən və cəmi bir il əvvəl sakinlərin istifadəsinə verilən yaşayış kompleksinin idarəçiliyinin dəyişdirilməsi sakinlər arasında ciddi suallar yaradıb.
Məsələ ilə bağlı MİDA sakini Anar Tağıyev sosial şəbəkədə paylaşım edərək bildirib ki, qurumun nümayəndələri yaxın aylarda Sumqayıt MİDA-2 yaşayış kompleksinin idarəçiliyindən çıxacaqlarını açıqlayıblar.
Sakinlərin sözlərinə görə, qərar gözlənilmədən elan edilib və bu barədə əvvəlcədən geniş məlumatlandırma aparılmayıb. Tağıyev yazır ki, sakinlərin bir qismi mövcud idarəetmə mexanizminin saxlanılmasını istəsə də, görüş zamanı onlara qərarın artıq verildiyi və dəyişdirilməsinin mümkün olmadığı bildirilib.
Söhbət 461 mənzildən ibarət kompleksdən gedir. Sakin xüsusilə diqqətə çatdırır ki, görüşə cəmi 30 nəfərin qatılması da qərarın bütün mənzil sahiblərinin iştirakı ilə müzakirə olunmadığını göstərir.
Məsələnin digər mühüm tərəfi isə kommunal və texniki infrastrukturun gələcək idarəçiliyi ilə bağlıdır. Tağıyev iddia edir ki, kompleksin su anbarları, su təminatı sistemi və digər texniki avadanlıqların bir hissəsi artıq MİDA-nın balansında deyil. Bu isə sakinlərdə idarəetmə dəyişikliyindən sonra su, elektrik, tullantıların daşınması, liftlər və digər kommunal xidmətlərin necə təşkil olunacağı ilə bağlı narahatlıq yaradıb.
Sakin həmçinin aylıq 26 manat məbləğində kommunal ödənişlə bağlı sualların yarandığını bildirir. Onun fikrincə, kompleks istifadəyə verilərkən idarəetmə xərclərinin gələcəkdə mövcud ödənişlərlə qarşılanmasının mümkün olub-olmayacağı əvvəlcədən hesablanmalı və sakinlərə bu barədə açıq məlumat verilməli idi.
“Əgər mövcud ödənişlər kompleksin xərclərini qarşılamırdısa, niyə bu məsələ mənzillər satışa çıxarılarkən və sakinlər köçərkən açıqlanmadı?” – deyə sakin sual edir.
Anar Tağıyev hesab edir ki, sosial layihə çərçivəsində mənzil əldə edən şəxslərin əksəriyyəti orta və aşağı gəlirli ailələr, şəhid ailələri, qazilər və digər sosial həssas kateqoriyalardan olan vətəndaşlardır. Bu səbəbdən idarəetmə modelində dəyişiklik edilərkən sakinlərin yeni sistemə uyğunlaşması üçün əvvəlcədən məlumatlandırma, hüquqi və təşkilati dəstək mexanizmlərinin yaradılması vacibdir.
Sakinin fikrincə, MİDA idarəçilikdən çıxacağı halda kompleksdə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin və ya digər idarəetmə mexanizminin necə yaradılacağı, xidmətlərin kim tərəfindən və hansı tariflərlə göstəriləcəyi əvvəlcədən aydınlaşdırılmalıdır.
Paylaşımda kompleksdəki kommersiya obyektlərinin gələcək statusu ilə bağlı məsələlərə də toxunulur. Sakin bildirir ki, yaşayış binaları sakinlərə təhvil verilsə də, binaların altındakı kommersiya sahələrinin MİDA-nın sərəncamında qalacağı bildirilib. Bu məsələnin də hüquqi və iqtisadi əsaslarının ictimaiyyətə açıqlanmasının vacibliyi vurğulanır.
Əsas narazılıq isə qərarın mahiyyətindən çox, onun qəfil və sakinlərin geniş iştirakı olmadan elan edilməsi ilə bağlıdır.
Sakinlər üçün hazırda əsas suallar bunlardır: MİDA idarəçilikdən çıxdıqdan sonra kompleksə kim xidmət göstərəcək? Kommunal ödənişlərin məbləği dəyişəcəkmi? Su anbarları və digər texniki infrastrukturun idarəçiliyi kimə veriləcək? Lift, təmizlik, tullantıların daşınması və digər xidmətlərin maliyyələşdirilməsi necə həyata keçiriləcək? Yeni idarəetmə modelinin hüquqi əsası və keçid müddəti necə olacaq?
Məsələ ilə bağlı MİDA-nın açıqlaması da gözlənilir. Qurumun rəsmi mövqeyində qərarın səbəbləri, idarəetmədən çıxışın hüquqi əsası və sakinlərin qarşısında yaranacaq öhdəliklərin necə təmin olunacağına aydınlıq gətirilməsi vacibdir.
Qeyd: MİDA-nın məsələ ilə bağlı elanını da təqdim edirik: