AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda qatar gecikərsə, sərnişinə kompensasiya ödənilir

  • + A
  • - A
  • Bu gün, 09:24

    Gürcüstanda qatar gecikərsə, sərnişinə kompensasiya ödənilir

    Gürcüstanda dəmir yolu sərnişinlərinin hüquqlarının qorunması ilə bağlı tətbiq edilən qaydalar qatarların gecikməsi zamanı sərnişin üçün kompensasiya mexanizmini nəzərdə tutur.

    Nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edir ki, Gürcüstanda qatarın dəmir yolu müəssisəsinin məsuliyyət daşıdığı səbəbdən gecikməsi halında sərnişinin yalnız məlumatlandırılması deyil, həm də müəyyən edilmiş kompensasiya hüququ var.

    Qaydalara əsasən, qatar təyinat məntəqəsinə 60–119 dəqiqə gecikmə ilə çatarsa, sərnişin bilet qiymətinin ən azı 25 faizi, gecikmə 120 dəqiqə və daha çox olarsa, bilet qiymətinin ən azı 50 faizi həcmində kompensasiya tələb edə bilər.

    Bundan başqa, Gürcüstanın Dəmir Yolu Məcəlləsində nəzərdə tutulur ki, təyinat məntəqəsinə çatmanın 60 dəqiqə və ya daha çox gecikəcəyi gözlənilirsə, sərnişinə səfəri davam etdirmə, alternativ marşrutdan istifadə və ya müəyyən hallarda biletin dəyərinin geri qaytarılması ilə bağlı seçimlər təqdim edilməlidir.

    Rauf Ağamirzəyev hesab edir ki, bu yanaşma dəmir yolu xidmətində mühüm prinsipin göstəricisidir: gecikmə yalnız texniki problem deyil, həm də sərnişin hüquqları və xidmət keyfiyyəti məsələsidir.

    “Sərnişin bilet alarkən yalnız bir məntəqədən digərinə getmək üçün ödəniş etmir. O, həm də müəyyən edilmiş xidmət və vaxt standartlarına güvənir. Gecikmə baş verdikdə sərnişinin hüquqları və daşıyıcının məsuliyyəti aydın şəkildə müəyyən edilməlidir”, – ekspert vurğulayıb.

    Gürcüstan Dəmir Yollarının məlumatına görə, kompensasiya üçün müraciət müəyyən edilmiş müddət ərzində təqdim edilməlidir. Rəsmi qaydalarda müraciətin gecikmədən sonra 7 gün ərzində edilməsi və kompensasiyanın müraciətin qeydə alınmasından sonra bir ay ərzində ödənilməsi göstərilir.

    Ekspertin fikrincə, belə mexanizmlərin tətbiqi dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin artırılmasına da xidmət edir. Çünki müasir nəqliyyat sistemində sərnişin üçün yalnız qatarın sürəti, komfortu və vaqonların yeniliyi deyil, daşıyıcının gecikmə zamanı məsuliyyəti və sərnişinin hüquqlarının qorunması da mühüm göstəricidir.

    Bu baxımdan Gürcüstan təcrübəsi Azərbaycanda da sərnişin hüquqlarının və xidmət keyfiyyətinin müzakirəsi üçün maraqlı nümunə sayıla bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR