Xəlil Xəlilov,
Azadmedia.az saytının təsisçisi
26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu tarix yalnız Laçının işğaldan azad edilməsinin ildönümünü deyil, həm də şəhərin yeni inkişaf mərhələsinin, doğma sakinlərinin yurda dönüşünün və böyük quruculuq prosesinin rəmzidir.
Laçının tarixi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb. 1930-cu il avqustun 8-də Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilib. 1835 kvadratkilometr ərazini əhatə edən rayon zəngin təbiəti, geniş yaylaqları və meşə massivləri ilə seçilir.
Lakin bu qədim yurd 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Laçın əhalisi doğma torpaqlarından didərgin salınıb, yüzlərlə insan həlak olub və itkin düşüb. Rayonun yaşayış məntəqələri, sosial obyektləri, mədəniyyət və təhsil müəssisələri dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub.
Laçının işğalı həm də strateji baxımdan Azərbaycan üçün ağır nəticələr doğurmuşdu. Laçının itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılmasına imkan vermişdi. Bu baxımdan Laçının işğalı sonrakı faciələrin və ərazi itkilərinin mühüm başlanğıc nöqtələrindən biri oldu.
2020-ci il Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri Laçının da taleyini dəyişdi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 30 ildən artıq davam edən işğala son qoyuldu və tarixi ədalət bərpa edildi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi Laçın üçün də xüsusi tarixi günün müəyyənləşdirilməsinə imkan verdi. 26 avqust Laçın Şəhəri Günü elan edildi.
Bu gün Laçın artıq yalnız keçmişin ağrıları ilə xatırlanan şəhər deyil. Burada sürətlə yeni həyat qurulur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi istiqamətində həyata keçirilən layihələrin nəticələri Laçında xüsusilə aydın görünür.
Şəhərin enerji potensialının inkişafı bu prosesin mühüm istiqamətlərindəndir. Laçın rayonunda su elektrik stansiyalarının yaradılması və yenidən qurulması nəticəsində rayonun elektrik tələbatı tamamilə yaşıl enerji hesabına qarşılanır. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Artıq istehsal olunan enerjinin bir hissəsi ölkənin enerji sisteminə ötürülür.
Laçının nəqliyyat imkanları da genişləndirilir. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi rayonun digər ərazilərlə əlaqəsini daha da asanlaşdıracaq. Bununla yanaşı, 2025-ci il mayın 28-də Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi regionun nəqliyyat və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur.
Şəhərin inkişafı təsdiq edilmiş Baş Plan əsasında həyata keçirilir. Laçın şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planda müasir yaşayış məhəllələri, məktəblər, xəstəxana, peşə təhsili müəssisələri, mədəniyyət və turizm obyektlərinin yaradılması nəzərdə tutulur. “15 dəqiqəlik şəhər” prinsipi əsasında formalaşdırılan yeni şəhər mühiti sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə qarşılamasına imkan verəcək.
Laçında quruculuq işləri yaşayış infrastrukturu ilə məhdudlaşmır. Yeni sənaye və aqro-sənaye müəssisələri yaradılır, insanların məşğulluğunun təmin olunması üçün imkanlar genişləndirilir. Mebel, tekstil və ayaqqabı istehsalı müəssisələrinin fəaliyyətə başlaması Laçının iqtisadi həyatının canlanmasına mühüm töhfə verir. “Laçın Aqro-Sənaye Parkı”nda isə müxtəlif istiqamətlər üzrə müəssisələrin yaradılması planlaşdırılır.
Turizm də Laçının gələcək inkişafının əsas istiqamətlərindən biridir. Şəhərin zəngin təbiəti, dağları, meşələri və Həkəri çayı turizm üçün böyük potensiala malikdir. 2025-ci ildə Zerti kəndində “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. Şəhərdə bulvar, istirahət zonaları və kanat yolu kimi layihələr də Laçının turizm cəlbediciliyini artıracaq.
Laçının dirçəlişinin ən mühüm göstəricisi isə doğma sakinlərin öz yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların şəhərə və kəndlərə köçürülməsinə start verilib. 2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin, Zabux, Sus və Bəylik kəndlərinə isə yüzlərlə ailənin daimi məskunlaşması təmin edilib.
Bu qayıdış yalnız evlərə dönüş deyil. Bu, uzun illər işğal altında qalmış torpaqlarda həyatın yenidən bərpası, məktəblərin, bağçaların, sosial və iqtisadi obyektlərin fəaliyyətə başlaması, insanların öz doğma yurdlarında gələcək qurması deməkdir.
Laçının bərpası eyni zamanda Azərbaycanın milli iradəsinin, iqtisadi gücünün və Zəfərdən sonrakı quruculuq siyasətinin göstəricisidir. 2025-ci ildə Laçının MDB-nin “Mədəniyyət paytaxtı” elan edilməsi də şəhərin yeni regional və beynəlxalq əhəmiyyətini nümayiş etdirib.
Bu gün Laçın öz tarixini qoruyaraq gələcəyə doğru inamla addımlayır. İşğalın ağır izləri üzərində müasir şəhər salınır, doğma sakinlər geri qayıdır, yeni iş yerləri yaradılır, yaşıl enerji layihələri həyata keçirilir və turizm infrastrukturu formalaşdırılır.
26 Avqust - Laçın Şəhəri Günü bütün bunların fonunda həm Zəfərimizin, həm qayıdışımızın, həm də quruculuğumuzun rəmzidir. Laçının yenidən dirçəldilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın bərpasının ən parlaq nümunələrindən biridir.
Günün mübarək, Laçın!