AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda NKVD cəlladları

  • + A
  • - A
  • Bu gün, 13:53

    Azərbaycanda NKVD cəlladları


    I YAZI

    Məmmədəli Abbasqulu oğlu Əliyev

    1937–1938-ci illərdə Azərbaycanda minlərlə ziyalı, din xadimi və ictimai-siyasi xadim "xalq düşməni" ittihamı ilə güllələnib.

    Məmmədəli Abbasqulu oğlu Əliyev bu proseslərin rəsmi dövlət sənədlərində (aktlarda və edam protokollarında) adı icraçı kimi keçən və sovet repressiya aparatının amansız qərarlarını yerinə yetirən şəxslərin gizli siyahısında yer alır.

    Məmmədəli Əliyev yüksək rütbəli NKVD zabiti və ya komissar olmadığı, sadəcə verilən gizli tapşırıqları yerinə yetirən sıravi icraçı olduğu üçün onun haqqında geniş bioqrafik araşdırmalar aparılmayıb.

    Çox təəssüf ki, fotosunu tapa bilmədim. Dəfələrlə arxivlərə baş vursam da barəsində çox az məlumat olan bu şəxsin bütün məlumatları və şəxsi işi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində gizli saxlanılıb.

    Sovet xüsusi xidmət orqanları güllələnmə hökmlərini kütləvi şəkildə icra etmək üçün psixoloji baxımdan bu işə uyğun gələn, mənşəcə yerli olan sıravi əməkdaşlardan xüsusi icra qrupları formalaşdırırdı. O da bu qrupun fəal üzvü olmuşdur

    Dövlət Təhlükəsizliyi serjanti hərbi rütbəsi olub. 22 fevral 1938-ci il tarixli 410 №-li əmri ilə alıb. Qeyd edim ki, bu rütbə Qırmızı Ordunun Leytenant rütbəsinə bərabər tutulurdu.

    Məmmədəli Əliyev NKVD-sinin rəhbərliyinin, xüsusilə Mixail Sumbatov-Topuridzenin birbaşa şifahi və xüsusi yazılı əmrlərini yerinə yetirən "müvəqqəti operativ icra qrupunun" üzvü idi. Bu qrupun üzvləri gündüzlər adi kargüzarlıq və ya inzibati işlərlə məşğul olur, yalnız gecə saat 01:00-dan 04:00-a qədər cəlladlıq missiyasını yerinə yetirirdilər. Onlara bu qanlı fəaliyyətlərinə görə maaşlarından əlavə xüsusi mükafatlar və ərzaq, əsasən spirtli içki payı verilirdi

    O, NKVD əməkdaşı kimi repressiya olunmuş şəxslər barəsində çıxarılan güllələnmə qərarlarının icra sənədlərini imzalayan və bu aktları rəsmiləşdirən şəxslərdən biri olub.

    Məmmədəli Əliyev Bakıda və ətraf ərazilərdə gizli şəkildə həyata keçirilən kütləvi güllələnmə proseslərinin birbaşa icraçısı, cəlladı kimi tanınır.

    NKVD binasının zirzəmilərində və ya "Bayıl" həbsxanasında gecə saatlarında keçirilən güllələnmə proseslərində birbaşa silahı çəkib ölüm hökmü alan şəxsləri öldürüb.

    Edam prosesindən sonra qurbanların cəsədlərinin Xəzər dənizində yerləşən Nargin adasına aparılmasına və ya digər gizli kütləvi məzarlıqlarda basdırılmasına bilavasitə nəzarət edib. NKVD-nin gizli təlimatlarına əsasən, cəsədlər adada basdırılarkən üzərlərinə əhəng tökülürdü ki, bədənlər sürətlə parçalansın və gələcəkdə basdırılma yerləri tapılsa belə, şəxsiyyətləri müəyyən etmək qeyri-mümkün olsun.

    Məmmədəli Əliyevin və digər azərbaycanlı cəlladların adları 2016-cı ildə Rusiyanın "Memorial" Hüquq Müdafiə Cəmiyyəti "SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-1939" adlı irihəcmli məxfi bazanı və sənədləri ictimaiyyətə açıqladıqdan sonra bəlli olub.
    Azərbaycan SSR üzrə müəyyən edilən 278 NKVD əməkdaşından yalnız 57-si milliyətcə azərbaycanlı idi ki, onların da daxilində Məmmədəli Abbasqulu oğlu Əliyevin adı birbaşa icraçı-cəllad kimi qeyd edilmişdi.

    Məlumata görə 1941-ci ildə İkinci Dünya Müharibəsi başladıqdan sonra, keçmiş edam icraçılarının böyük hissəsi xüsusi cəza batalyonlarına cəlb edilərək ən təhlükəli döyüş nöqtələrinə göndərilib, cəllad Məmmədəli Əliyev də bunların içində olub. Burda isə sənədlərin davamı boş sarı vərəq gəlir.

    Bir versiyaya görə isə adı soyadı dəyişib Rusiyanın ucqar əyalətlərindən birinə təyinat alıb.

    FOTO ŞƏRTİDİR

    Prof.Dr.Zaur Aliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR