AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa ilə 40 ildən sonra...

  • + A
  • - A
  • Bu gün, 12:27

    Şuşa ilə 40 ildən sonra...

    Şuşa ilə 40 ildən sonra...
    (Ona görə 40 il ki, mən işğaldan əvvəlki Şuşada olduğum müddətdir)
    Hərdən insan bir şəhərə getmir, öz ömrünün bir parçasına qayıdır.
    Bəzən bir yol insanı illərin o tayına aparır. Bir bulağın səsi gəncliyinin səsini qaytarır, bir dağın yamacı keçmişin yaddaşını oyadır, bir ovuc torpaq ürəyin illərdir qanayan yerinə məlhəm olur...
    Mən Şuşaya gedəndə elə belə oldu. Şuşa mənim üçün yalnız şəhər deyildi. O, illərlə içimdə yaşatdığım bir həsrət, yaddaşımın ən işıqlı guşələrində qoruduğum bir xatirə, qəlbimin dərinliyində səssizcə böyüyən bir nisgil idi.
    Sonuncu dəfə Şuşanı 1980-ci illərdə görmüşdüm. O vaxt gənc idim. Azərbaycan radiosunun "Gənclik" Baş redaksiyasında işlədiyim vaxtlar idi. Qarabağın hansı rayonuna ezamiyyətə gedirdimsə, arada rayon komsomol komitəsinin işçiləri fürsət tapıb məni Şuşaya aparırdı. Sonuncu dəfə yadımdadır ki, 80-ci illərin ortalarında Ağdam rayonunda ezamiyyətdə olanda rayon komsomol komitəsinin ikinci katibi ilə getmişdik Şuşaya...
    Cıdır düzündə dayanmışdım. Şuşanın o möhtəşəm mənzərəsini gözlərimə doldurmuşdum. Vaqifin məqbərəsini gəzmişdim. İsa bulağından su içmişdim. Turşsuya enmişdim. Xuramanın özünü atdığı qayanın kənarında dayanıb o dərinliyə baxmışdım. Heç ağlıma da gəlməzdi ki, həmin mənzərələri son dəfə görürəm. Heç bilmirdim ki, bir gün o yerlərə qayıtmaq üçün 32 il gözləməli olacağam. İnsan bəzən yaşadığı anın qiymətini illər sonra anlayır.
    1992-ci ildə Şuşa işğal edildi. Və biz Şuşasız qaldıq...
    Şuşa uzaqda deyildi, amma bizə əlçatmaz idi. Yollar vardı, amma gedə bilmirdik. Dağlar vardı, amma keçə bilmirdik. Bulaq vardı, amma suyundan içə bilmirdik. Cıdır düzü vardı, amma orada dayana bilmirdik. Şuşa xəritədə yerində idi, amma həyatımızdan qoparılmışdı.
    İllər bir-birini əvəz etdi. Amma Şuşanın həsrəti keçmədi. Çünki torpaq həsrəti elə bir həsrətdir ki, zaman onu sağaltmır. Əksinə, illər keçdikcə daha da dərinləşdirir. İnsan özündən gizlədə bilər, amma ürəyindən gizlədə bilməz.
    Sonra 2020-ci il gəldi. 44 günlük Vətən müharibəsinin o ağır, həm də müqəddəs günləri... Və bir gün Şuşanın azadlığı xəbəri gəldi. O xəbəri eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmədim. Çünki o an təkcə bir şəhərin azadlığını eşitmirdik. Biz 28 il yarımın həsrətinin bitdiyini eşidirdik. Şuşanın yenidən özümüzə qayıtdığını eşidirdik.
    Amma qəribədir... Şuşa azad oldu, illər keçdi, işğaldan azad edilməsinin bu il altıncı ili tamam olurdu, mən isə hələ də Şuşaya gedə bilməmişdim. Demək, qismət 18 sentyabr gününə imiş...
    Maşınımız sürətlə Şuşaya doğru gedirdi. Nə qədər yaxınlaşırdımsa, ürəyim bir o qədər sürətlə döyünürdü. Pəncərədən baxa-baxa içimdə illərlə susdurduğum duyğular bir-bir ayağa qalxırdı.
    Nəhayət... Şuşa göründü. O an nə düşündüyümü, nə hiss etdiyimi sözlərlə anlatmaq çox çətindir.
    Bəzən insanın ürəyində o qədər söz yığılır ki, heç biri dilə gəlmir. Sadəcə, gözlər dolur. Boğaz düyünlənir. Və insan susur... Çünki qarşında Şuşa dayanıb.
    40 ildən sonra... Cıdır düzünə gəldim. Dayandım. Baxdım. Bir az da baxdım... Aman Allahım! İnsan xoşbəxtlikdən də kövrələrmiş... Elə bil gözlərim gördüklərinə inanmırdı. Bir vaxtlar gəncliyimlə gəldiyim həmin yerlərdə indi ömrümün başqa çağında dayanmışdım. Təbiət eyni idi. Dağlar eyni idi. Dərələr eyni idi. Amma mən dəyişmişdim. 40 ildən çox keçmişdi... Xuramanın özünü atdığı qayanın kənarına gəldim. Uzun müddət orada dayandım. İçimdə onunla danışdım. Dedim: “Xuraman, sən bilməzdin ki, bir gün bu qayanın kənarında 40 illik ayrılıqdan qayıdan bir insan dayanacaq... - Sonra sanki Şuşanın özü ilə danışdım: - “Ay Şuşa, 32 ildə, yəni işğal olunan gündən nələr çəkdin? Nələr gördün? Kimlərin ayaq səslərinə şahid oldun? Kimlərin həsrətini daşıdın? Neçə insanın göz yaşı sənin daşlarına düşdü?”...
    Cavab gəlmədi. Amma sanki Şuşanın küləyi danışdı... Sanki qayalar danışdı... Sanki Cıdır düzü danışdı... - “Gözlədim...” - dedi elə bil. Və mən o an anladım ki, bəzən torpaq da gözləyir...
    Sonra Vaqifin məqbərəsinə endik. Yenə həmin yollar... Yenə həmin dağ havası...
    Amma bu dəfə ürəyimdə başqa bir ağırlıq vardı. Keçmişlə bu gün sanki bir nöqtədə görüşmüşdü. Gəncliyimlə indiki yaşım üz-üzə dayanmışdı. Bir vaxtlar heç nəyi düşünmədən gəzdiyim yollarda indi ömrün keçən illərini düşünürdüm.
    Və sonra İsa bulağı... Ah, İsa bulağı! İllər boyu öz-özümə sual vermişdim: “Görəsən, İsa bulağına su gəlirmi? Görəsən, o bulaq öz əsl sahiblərini gözləyirmi?”. Həmin gün cavabımı aldım. Bulaq axırdı. İsa bulağı hələ də yaşayırdı. Mən əyildim... Əlimi suya uzatdım... Və içdim. Bir qurtum su... Amma o bir qurtumun içində neçə illik həsrət vardı! O su sadəcə, su deyildi. O su mənim üçün 32 ilin həsrətindən süzülüb gəlmişdi. O suyun içində gəncliyim vardı. O suyun içində Şuşa vardı. O suyun içində qayıdış vardı. O suyun içində şəhidlərimizin qanı ilə qorunan bu torpağın müqəddəsliyi vardı. Su içdikcə şəhidlərimizi düşündüm. Bu torpağı bizə qaytarmaq üçün canından keçən igidlərimizi... Bəlkə də onlar Şuşanı görmək arzusu ilə döyüşə getmişdilər. Bəlkə də onların içində də Cıdır düzündə dayanmaq, İsa bulağından su içmək arzusu vardı.
    Amma qismət onlara Şuşaya qayıtmağı yox, Şuşanın yolunu açmağı nəsib etdi.
    Mən isə bu gün həmin bulağın başında dayanıb onların ruhuna dua oxudum. Hər qurtum su ilə... Bir dua etdim. Bir daha dua etdim. Və düşündüm: “Bu gün bizim Şuşada rahat nəfəs almağımızın qiyməti nə qədər ağır olub...”. Ona görə Şuşada insan yalnız sevinmir. Şuşada insan həm də düşünür. Kövrəlir. Susur. Şükür edir. Və unutmamaq üçün özünə söz verir.
    Şuşanın küçələrində gəzərkən mən yalnız bir şəhərə baxmırdım. Mən ömrümün itirilmiş illərinə baxırdım. Gəncliyimə baxırdım. Keçmişimə baxırdım. 32 il boyunca ürəyimdə daşıdığım torpaq həsrətinə baxırdım. Və bir şeyi bir daha hiss etdim: İnsanın doğma torpağı ilə arasında məsafə ola bilər, amma ayrılıq ola bilməz. Çünki doğma torpaq insanın ayağının altında deyil yalnız... Doğma torpaq insanın ürəyindədir.
    Şuşa da illərlə ürəyimizdə yaşadı. Biz ondan ayrı qaldıq, amma o bizdən ayrılmadı.
    İndi Şuşadan qayıtmışam. Amma elə bil bir tərəfim orada qalıb. Cıdır düzündə... Xuramanın qayasının kənarında... Vaqifin məqbərəsinin qarşısında... İsa bulağının başında...
    Bəlkə də insan doğma torpağına qovuşanda özü ilə birlikdə bir az da torpağa çevrilir. Mən Şuşadan qayıdarkən bir daha arxaya baxdım. Və ürəyimdən bir cümlə keçdi: “Şuşa, 32 il səni gözlədim. Sən də məni gözlədinmi?” Cavabını külək verdi. Bulağın suyu verdi. Dağların sükutu verdi. Və mən başa düşdüm: Bəli... Şuşa gözləmişdi. Çünki torpaqlar insanını heç vaxt unutmur. Şəhərlər sahibinin ayaq səsini illərlə yaddaşında saxlayır.
    Bəzi ayrılıqların sonu sadəcə görüş deyil... Qovuşmaqdır. Mən Şuşaya qovuşdum.
    32 ildən sonra... Və bu qovuşmanın sevincini sözlə anlatmaq mümkün deyil. Çünki bəzi sevinclər yazılmır. Bəzi ağrılar danışılmır. Bəzi göz yaşları tökülmür. Sadəcə, ürəyin içində, səssiz-səssiz yaşanır...
    Şuşa kimi.
    Şəmsiyyə Musaqızı,
    Əməkdar jurnalist





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR