AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADY-də böhran kommunikasiyası: susmaq çıxış yolu deyil!

  • + A
  • - A
  • Bu gün, 09:24

    ADY-də böhran kommunikasiyası: susmaq çıxış yolu deyil!


    Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin yazısına istinadla

    Dünən axşam Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olundu. Sərnişinlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, gecikmələr səbəbindən platformalarda növbələr yaranmışdı.
    Belə vəziyyətlərdə əsas məsələlərdən biri sərnişinlərin vaxtında və düzgün məlumatlandırılmasıdır. Lakin hazırkı vəziyyətlə bağlı ADY-nin sosial media hesablarında operativ məlumatın görünməməsi diqqət çəkir.
    Böhran kommunikasiyası yalnız problem baş verdikdən sonra açıqlama vermək demək deyil. Əksinə, böhran zamanı əsas məqsəd sərnişində yaranan qeyri-müəyyənliyi azaltmaqdır. Bunun üçün vəziyyətin nə olduğu, gecikmənin səbəbi, mümkün olduğu halda problemin nə vaxt aradan qaldırılacağı və sərnişinlərin hansı alternativlərdən istifadə edə biləcəyi barədə aydın məlumat verilməlidir.
    Sərnişin vağzalda növbədə dayanarkən baş verənləri özü araşdırmağa məcbur qalmamalıdır. Rəsmi məlumatın olmaması isə qeyri-müəyyənliyi, narazılığı və müxtəlif şayiələrin yayılmasını artırır.
    ADY-dən gözlənti əslində çox sadədir:
    - Gecikmələr barədə operativ məlumat verilməsi;
    - Gecikmənin səbəbləri və hərəkət cədvəlində baş verən dəyişikliklərin açıqlanması;
    - Sərnişinlərə mütəmadi olaraq yenilənmiş məlumatın təqdim edilməsi;
    - Zərurət yarandıqda alternativ marşrut və hərəkət imkanları barədə tövsiyələrin verilməsi.
    Nəqliyyat xidmətinin keyfiyyəti yalnız qatarın vaxtında yola düşməsi ilə ölçülmür. Problem yarandığı zaman sərnişinlə necə kommunikasiya qurulması da xidmət keyfiyyətinin mühüm göstəricisidir.
    Texniki problem baş verə bilər. Gecikmə də istənilən nəqliyyat sistemində mümkündür. Lakin texniki problemin üzərinə kommunikasiya probleminin əlavə olunmasına yol vermək olmaz.
    Sərnişin üçün gecikmənin özü qədər, nə baş verdiyini bilməmək də problemdir.
    Böhran zamanı susmaq çıxış yolu deyil. Əksinə, vaxtında, şəffaf və davamlı kommunikasiya böhranın təsirlərini azaltmağın ən vacib vasitələrindən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR