23 yaşına bir gün qalmış imtiyazlı, bir gün sonra imtiyazsız? Qanundakı boşluq yüzlərlə tələbənin hüququnu sual altında qoyur
Bununla bağlı sosial məsələlər üzrə ekspert Sahib Məmmədov mövzünü gündəmə gətirib.
Qanunvericilikdə müəyyən kateqoriyadan olan şəxslərin sosial müdafiəsi üçün imtiyaz və təminatların nəzərdə tutulması, şübhəsiz ki, müsbət haldır. Lakin qanun qəbul edilərkən mümkün hüquqi vəziyyətlərin hamısı nəzərə alınmadıqda, sonradan ciddi problemlər meydana çıxır.
Belə problemlərdən biri də valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil aldıqları müddətdə 23 yaşa çatması ilə bağlıdır.
“Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsində valideyn himayəsindən məhrum olmuş və təhsil alan şəxslər üçün bir sıra mühüm imtiyaz və güzəştlər nəzərdə tutulur. O cümlədən, müəyyən edilmiş qaydada onların davamiyyətindən asılı olmayaraq tələbə təqaüdünün iki misli məbləğində təqaüd alması və təhsili başa vurduqda 2600 manat məbləğində birdəfəlik müavinət əldə etməsi təmin olunur.
Bu yanaşmanın məqsədi tamamilə aydındır: valideyn himayəsindən məhrum olmuş məzunun təhsilini başa vurduqdan sonra əmək bazarına daxil olana və müstəqil həyatını qurana qədər müəyyən sosial təminata malik olması.
Problem isə başqa yerdədir.
Qanunvericilikdə “valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər” dedikdə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər nəzərdə tutulur.
Burada ilk baxışdan hər şey aydın görünür. Amma bir sual açıq qalır: şəxs təhsil aldığı müddətdə 23 yaşına çatarsa, onun hüquqi statusu həmin gün dəyişirmi?
Məsələn, tələbənin təhsilini başa vurmasına altı ay, bir ay, hətta bir gün qalıb və həmin müddətdə onun 23 yaşı tamam olur. Bu halda təhsil müəssisəsi onun nəzərdə tutulan imtiyazlarını dayandırır.
Bəs belə bir nəticə nə dərəcədə məntiqlidir?
Təhsilinin bitməsinə bir gün qalmış 23 yaşını tamamlayan şəxs ilə təhsilini başa vurduqdan bir gün sonra 23 yaşına çatan şəxs arasında sosial müdafiəyə ehtiyac baxımından hansı prinsipial fərq var?
Birinci şəxs 23 yaşına çatdığı günədək valideyn himayəsindən məhrum olmuş şəxsdir, təhsil alır və qanunun məqsədi baxımından sosial müdafiəyə ehtiyacı vardır. İkinci şəxs isə eyni vəziyyətdədir, lakin 23 yaşına təhsilini başa vurduqdan sonra çatdığı üçün ona təhsili başa vurarkən nəzərdə tutulan birdəfəlik müavinət ödənilir.
Əgər birdəfəlik müavinətin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş məzunun təhsildən sonrakı ilkin dövründə sosial və maddi baxımdan dəstəklənməsidirsə, onda həmin şəxsin təhsilinin başa çatmasına bir neçə ay qalmış 23 yaşına çatması bu məqsədi niyə aradan qaldırmalıdır?
Əslində burada iki hüquqi prinsip toqquşur: qanunun hərfi ilə tətbiqi və qanunun məqsədinə uyğun tətbiqi.
Qanunda “23 yaşınadək” ifadəsinin olması müəyyən yaş həddi müəyyən edir. Lakin qanunverici təhsilalanın təhsil prosesi davam etdiyi halda həmin yaş həddinə çatması ilə bağlı ayrıca keçid və ya davamlılıq mexanizmi müəyyən etməyib.
Nəticədə praktiki vəziyyət yaranır: şəxs təhsilini davam etdirir, lakin yalnız yaşının tamam olması səbəbindən ona əvvəllər verilən sosial təminatlar dayandırılır.
Daha ciddi məsələ isə budur ki, nə qanunun özündə, nə onun tətbiqi ilə bağlı müvafiq normativ aktlarda, nə də bu vəziyyətin hüquqi nəticəsini aydın şəkildə müəyyən edən qaydada “23 yaşın təhsil müddətində tamam olması” halına ayrıca yanaşma nəzərdə tutulmayıb.
Bu isə hüquq tətbiqetməsində müxtəlif yanaşmalara və nəticədə eyni hüquqi vəziyyətdə olan şəxslər arasında fərqli münasibətin yaranmasına səbəb ola bilər.
Burada əsas sual belə qoyulmalıdır:
Təhsilini başa vurmağa bir neçə ay qalmış 23 yaşına çatan şəxsin sosial müdafiəsini dayandırmaq qanunun məqsədinə uyğundurmu?
Əgər qanunun məqsədi yalnız 23 yaş həddinə qədər sosial təminat verməkdirsə, onda bu məqsəd açıq şəkildə belə ifadə edilməlidir. Yox, əgər məqsəd valideyn himayəsindən məhrum olmuş şəxsin təhsil müddətində və təhsildən sonrakı ilkin mərhələdə sosial müdafiəsini təmin etməkdirsə, onda təhsil prosesi başa çatana qədər həmin təminatların qorunması məsələsi qanunvericilikdə ayrıca tənzimlənməlidir.
Ən azı belə bir norma nəzərdə tutula bilərdi ki, şəxs təhsil aldığı müddətdə 23 yaşına çatdıqda, təhsilini başa vurduğu tarixədək onun müvafiq sosial təminatları saxlanılır.
Bu, həm hüquqi müəyyənliyi təmin edər, həm də qanunun sosial məqsədinə daha uyğun olardı.
Hazırkı vəziyyətdə isə yüzlərlə tələbənin təhsilinin başa çatmasına az müddət qalmış sosial təminatlardan məhrum edilməsi real problem olaraq qalır.
Burada artıq məsələyə təkcə qanunun texniki tətbiqi kimi baxmaq kifayət etmir. Söhbət sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin hüquqlarından gedir.
Ona görə də qanunvericilikdəki bu boşluğun aradan qaldırılması zəruridir.
Bunun üçün ilk növbədə aidiyyəti dövlət orqanlarının rəsmi hüquqi mövqeyi ortaya qoyulmalıdır. Əgər mövcud normaların təfsiri yolu ilə problemin həlli mümkün deyilsə, qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir.
Məsələnin hüquqi qeyri-müəyyənlik yaratdığı və müxtəlif tətbiqə səbəb olduğu halda isə Konstitusiya Məhkəməsinin mövqeyinin ortaya qoyulması da mühüm əhəmiyyət kəsb edə bilər.
Çünki əsas sual sadədir:
Valideyn himayəsindən məhrum olmuş tələbənin təhsilini başa vurmasına bir gün qalmış 23 yaşının tamam olması onun sosial müdafiəyə ehtiyacını hansı əsasla bir gündə aradan qaldırır?
Qanunvericilik bu suala cavab verməlidir.
Əks halda “23 yaşınadək” ifadəsi sosial müdafiənin məqsədinə xidmət edən hüquqi meyardan çox, şəxsin taleyini təqvimdəki bir günə bağlayan formal məhdudiyyətə çevrilir.