AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəsilə Abulova : Azərbaycanlıların 1918-ci il mart soyqırımı

  • + A
  • - A
  • 30-03-2021, 19:25


    31 Mart Azərbaycan tarixində unudulmaz bir gündür. Sevincinin böyüklüyü ilə yadda qalan günlər olduğu kimi, fəlakət, kədər və qüssəsinin əzəməti ilə unudulmaz günlər də var. Elə 31 Mart da fəlakət, kədər və qüssəsinin əzəməti ilə unudulmaz günlərdəndir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə deportasiya və soyqırımları həyata keçirmişlər.

    Xalqımıza qarşı törədilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlardır.

    Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, “Müsavat” partiyasının heç durmadan artan nüfuzu bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Ümumiyyətlə bolşeviklərin yerli əhali arasında heç bir nüfuzları, hətta sosial dayaqları da yox idi. 1917-ci ilin oktyabr ayında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də bunu aydın göstərirdi. Çünki bolşeviklər seçkilərdə çox az səs qazanaraq “Müsavat” partiyasına ciddi şəkildə məğlub olmuşdular. Bolşevikləri daha çox narahat edən məsələ “Müsavat”ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı, əzmli mübarizəsi idi. Elə məhz buna görə də S.Şaumyan xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdəcə boğmaq üçün, Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək “Müsavat” partiyasının sosial bazasını zəiflətmək və müsəlmanlara dərs vermək istəyirdi. S.Şaumyan Bakının müsəlman əhalisinə qarşı soyqırımına çox ciddi hazırlaşırdı və bu məqsədlə o, İosif Stalinə məktub yazaraq, Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili olaraq külli miqdarda pul göndərilməsini xahiş etmişdi. Leninin 1917-ci il 29 dekabrda Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair imzaladığı sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Elə 1918-ci il Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icarçısı V.Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi “Qırmızı Ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət idi. Bu cinayəti həyata keçirmək üçün bir bəhanə lazım idi.Məhz bu məqsədlə də “Evelina” münaqişəsi törədildi.Bundan sonra martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi.

    Martın 30-da erməni kilsəsi ətrafında toplaşan erməni daşnakları müsəlmanlara ilk atəş açdılar və bununla da soyqırıma başladılar. Martın 31-də səhərə yaxın bütün erməni dəstələrinin hərbi başçıları və silahlanmış erməni ziyalıları İnqilabi

    Müdafiə Komitəsinin qərargahına gələrək qısa vaxtda təlimatlandırıldılar və müsəlman məhəllələrinə göndərildilər. Bolşevik-daşnak dəstələri Martın 31-də səhər tezdən azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və bunlarla yanaşı digər Azərbaycan məhəllələrinə də hücum etdilər. Məhəllələri bombaladılar. Xüsusi olaraq silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxularaq sakinləri öldürür, onları xəncər və süngü ilə dəlmə-deşik edirdilər, uşaqları yanan evlərin içinə atır, hətta körpə uşaqlara acımadan onları süngülərin ucuna keçirirdilər. Onlar o qədər azğınlaşmışdılar ki, heç düşünmədən amansızcasına uşaq, qadın, kişi, qoca demədən minlərlə günahsız insanları qılıncdan keçirərək parçalayır, hətta bununla kifayətlənməyib insanları diri-diri yandırırdılar.

    Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Təkcə şəhərin bir yerində burunları, qulaqları kəsilmiş, qarınları yırtılmış, doğranmış neçə-neçə müsəlman qadınının meyti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar.Hətta bolşeviklər, qaçıb canını qurtarmağa çalışan əhalini də gülləbaran etmək üçün əvvəlcədən hazırlıq görərək, şəhərin müvafiq yerlərində pulemyotlar qoymuşdular. Ermənilərin hücumundan qorunmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

    Onlar həmçinin Milli memarlıq incilərini məscidləri, məktəbləri, xəstəxanaları və digər abidələri dağıdaraq Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış və milli mədəniyyət abidələri məhv edilmişdir.

    Azərbaycan tarixində ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevin faktların dili ilə erməni məkrini ifşa etdiyi fərmanında onların Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, həmçinin ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə çatdırılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, o cümlədən siyasi və çağdaş aspektlərinə nəzər salınır. Əsasən bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Ermənilər tərəfindən Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib.

    Hər il martın 31-ni Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini böyük ehtiram və dərin hüzünlə anırıq. Hətta Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin

    intensivliyi bu gün də zəifləməmiş, əksinə, mənfur düşmənimiz təbliğat və qarayaxma kimi çirkin əməllərini daha da gücləndirərək davam etdirir. Onlar Avropa və Amerikadakı lobbisinin imkanlarından böyük məharətlə yararlanaraq “əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına məhəl qoymur, bütün yolverilməz vasitələrdən istifadə edərək,əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar. Lakin Ulu öndər Heydər Əliyevin siyasi xətti ilə yanaşı, onun qoyduğu ənənələri tam layiqincə davam etdirən Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları da kəskin tənqid etmiş, həmçinin dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır.

    Hər zaman bizim qarşımızda duran çox mühim vəzifələr xalqımıza qarşı həyata keçirilən dəhşətli soyqırımları və faciələr haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Bunun üçün də bizə çox möhkəm və yenilməz milli birlik lazımdır. Çünki güc birlikdədir.


    Vəsilə Abulova
    Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR