Vebinar eTwinnig platformasının beynəlxalq “Dijital Yerlilerle Medya okuryazarlığı” layihəsi çərçivəsində reallaşıb. Vebinarda Böyükağa Mikayıllı öncə jurnalistika sahəsindəki fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, o uzun illərdir ki, elm və təhsil jurnalistikası sahəsində çalışır. Bu illər ərzində onun 1000-ə yaxın məqaləsi müxtəlif qəzet və jurnallarda, saytlarda dərc olunub, 13 kitabı işıq üzü görüb. Jurnalistin məqalələri ingilis, türk, rus və Ukrayna dillərinə tərcümə edilib. O, tədqiq etdiyi nüfuzlu universitetlər barədə vebinar iştirakçılarını qısaca məlumatlandırıb.
Böyükağa Mikayıllı vebinarda saxta xəbər nədir, saxta xəbər necə yayılır, saxta xəbərin törətdiyi problemlər hansılardır, saxta xəbəri doğru xəbərdən necə ayırmalı, biz bu kimi xəbərlərdən necə azad olmalıyıq sualları ətrafında çıxış edib. B.Mikayıllı bildirib ki, nə qədər ki, informasiya var, saxta xəbər də olacaq. Sadəcə çalışmaq lazmdır ki, insanlar saxta xəbərlərin girdabına yuvarlanmasınlar. Burada xəbər istehsalçısının, jurnalistin vicdanı və peşəkarlığı mühüm rol oynayır. Saxta xəbərlər insan psixikasına, onun mənəvi dünyasına, həyat tərzinə mənfi təsir göstərir. Jurnalist xəbər hazırlayarkən ilk növbədə özünə bu sualı verməlidir: Bu xəbər mənim izləyicimə nə verəcək? Jurnalist iki mühüm amili peşəkar fəaliyyətində əsas kimi qəbul etməldir: fakt və sağlam düşüncəni. Jurnalist elə bir çevik təfəkkürə malik olmalıdır ki, xəbəri maraq doğuracaq formatda təqdim edə bilsin, nəinki saxta xəbərə yer versin.
B.Mikayıllı daha sonra saxta xəbərlərdən azad olmağın yollarından bəhs edib. İnternet platformalarında saxta xəbərləri müəyyənləşdirmək üçün istifadə olunan alətlərdən danışıb, bu alətlərdən istifadə yolları haqqında ətraflı məlumat verib, dünya təcrübəsindən nümunələr gətirib. O, müəllim və şagirdlərə tövsiyə edib ki, istənilən xəbəri oxuyarkən, yaxud dinləyərkən, öz düşüncələrinə, intuisiya və hisslərinə güvənsinlər. Sağlam düşüncəli insanları saxta xəbərlərlə aldatmaq çətindir. B.Mikayıllı cəmiyyətimiz üçün aktual olan mediada saxta xəbər mövzusunu uşaqların anladıqları tərzdə izah etməklə, onların maraq və diqqətlərini cəlb etdi.
Vebinarda layihənin Türkiyəli qurucuları Buse Aydın və Zeynep Kahrıman, layihənin Azərbaycan təmsilçisi Könül Mirzəyeva da iştirak edirdilər. Vebinarın sonunda Böyükağa Mikayıllı layihənin azərbaycanlı təmsilçisinin suallarını cavablandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.