Bir neçə gün öncə sosial şəbəkələrdə məlumat yayıldı ki, Gədəbəydən olan Şəhid atası Əvəz Kamil oğlu Əliyevə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı söz verilsə də, söz tutulmayıb. "Şəhid ailəsi" mövzusu ölkədə ən həssas mövzu olduğu üçün hamımız qınadıq və şəhid atasına göstərilən laqeydliyi Sosial Xidmətlər Agentliyinə bildirdik.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Azadmedia.az-ın sorğusuna cavab oldaraq bildirdi ki, Şəhid ailələri və müharibə əlillərinin fərdi ev və ya mənzillə təminatı prosesi sürətlə davam edir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq, 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibə əlillərinin mənzillə təminatı işləri aparılır.
Sözügedən Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin atası Əvəz Əliyev də mənzillə təmin olunmaq üçün 20.04.2021 tarixində Gədəbəy rayonu üzrə qeydiyyata alınıb. Bu barədə yerli icra hakimiyyəti orqanından Sosial Xidmətlər Agentliyinə daxil olan 26.04.21 tarixli məlumatda qeyd olunub.
SXA sözçüsü qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əvəz Əliyevin sosial-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq.
Sual yaranır, adı aprel ayında mənzil şəraitinin yaxşılaşdırılması üçün qeydiyyata salınmış şəhid atasını yenidən gündəmə gətirib cavabdeh orqanları söydürməkdə məqsəd nədir? İP xəstəliyi, yoxsa ictimaiyyətdə çaşqınlıq yaratmaq, vətəndaşda öz dövlətinə qarşı inamsızlıq yaratmaq? Dövlət dəfələrlə öz vətəndaşının arxasında olduğunu bildirir, əməlləri ilə sübut edir.
Sonda bir daha hamını "Şəhid ailəsi" mövzusunu gündəmə gətirərkən diqqətli olmağa çağırıram. Şəhid ailəsi üzərindən aparılan istənilən məqsəd qəbuledilməzdir, hər birimiz bu müqəddəs ada xələl gətirənlərlə mübarizə aparmalıyıq.
Elnurə ABUŞOVA
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.