27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı rayonunda silsilə tədbirlər keçirilir.
Tədbirlər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhid ailələri və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Masallı Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir iştirakçıları Masallıda Qəhrəmanlar Parkında yerləşən və Vətən müharibəsində qazanılan tarixi Zəfərin rəmzlərindən olan “Dəmir Yumruq” abidəsini ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi yad olunub, onların ruhlarına dualar oxunub.
Millət vəkili Məşhur Məmmədov çıxışında şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şəhidlərimizin canı bahasına əldə olunan Zəfər ölkəmizin tarixində xüsusi yer tutur.
Deputat vurğulayıb ki, şəhidlərin müqəddəs xatirəsinə ehtiram göstərmək hər birimizin mənəvi borcudur. Onların fədakarlığı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Qələbənin əsasını təşkil edib.
Tədbirdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu, onların Vətən qarşısındakı xidmətləri və qəhrəmanlıqları haqqında fikirlər səsləndirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.