Sumqayıtda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi profilaktik tədbir keçirib
Dövlətimiz tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində son dövrlər yoluxanların sayının kəskin aşağı düşməsi müşahidə olunmaqdadır. Bütün bu hallar nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin, bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xüsusən, avtobuslarda tibbi maskalardan istifadənin zəruriliyinə bəzi şəxslər tərəfindən riayət edilmir. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.Bir daha vətəndaşlardan tələb olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq şəkildə istifadə etsinlər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması hər birimizin öz əlindədir.