AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər görülür

  • + A
  • - A
  • 2-08-2021, 19:03


    Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan və icrası məcburi xarakter daşıyan məhkəmə qərarlarının və digər orqanların aktlarının sayı ilbəil artmaqdadır. Təkcə bu ilin altı ayı ərzində ölkə üzrə icra ediləcək işlərin sayı 19 faiz çoxalaraq 850 mini ötüb. Həmin sənədlərin icrasının ölkə əhalisinin böyük bir hissəsini əhatə etməsi onların icrasının əhəmiyyətini xeyli artırır.
    İcra fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən icra xidmətinin strukturu təkmilləşdirilib və maddi-texniki bazası möhkəmləndirilib.
    Bu sahədə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə nazirlikdə icra xidmətinin rəhbərliyinin və məsul işçilərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
    Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Eldar Nuriyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini, məhkəmə-hüquq sahəsində aparılan uğurlu islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən qərarların icrası işinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirləri vurğulayıb.
    Nazirliyin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov məruzə ilə çıxış edərək xidmətin icraatında böyük iş yükünün olması ilə əlaqədar qərarların icrası sahəsində işlərin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlərin görüldüyünü, qanunvericiliyin təkmilləşdirildiyini, icra məmurlarının səlahiyyətlərinin genişləndirildiyini, bu sahədə yeni müasir mexanizmlərin tətbiqini qeyd edib.
    Həmçinin icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunmasında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli rol oynadığı, artıq beş ildir fəaliyyət göstərən "Elektron icra" informasiya sisteminin işin səmərəliliyini xeyli artırdığı, bu sistemin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması, bununla əlavə vaxt itkisinin qarşısının alınmasına müsbət təsir göstərdiyi bildirilib.
    Müşavirədə qeyd olunub ki, vətəndaşlara tərəf olduqları icra işlərinin gedişatının izlənilməsi, görülən icra tədbirləri barədə məlumatların əldə olunması, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, "elektron ədliyyə" köşkü vasitəsilə borc ödənilməklə ölkədən getmək hüququna məhdudiyyətin avtomatlaşdırılmış qaydada götürülməsi imkanının yaradılması insanların rahatlığına xidmət edir. Təkcə cari ildə nazirliyin "Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumatın verilməsi" elektron xidmətindən bəhrələnənlərin sayı 115 minə qədər çatıb.
    Həmçinin bildirilib ki, icra sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı zəruri işlər görülüb, "Azərbaycan Respublikasının İcra Məcəlləsinin" layihəsi üzərində iş başa çatdırılıb.
    İcra sahəsində görülən təsirli tədbirlər nəticəsində icrası təmin edilmiş icra işlərinin sayında artım müşahidə olunur. Belə ki, cari ilin birinci yarısında icrası təmin edilən və davam etdirilən icra sənədlərinin sayı 13%-dən çox artaraq 350 minə çatıb. Eyni zamanda icraatda olan hər 8 işdən biri uşaqların birbaşa hüquqlarına toxunan və icrası davam edən kateqoriyaya aid olan aliment tələbləri üzrə cari ildə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib.
    Fiziki və hüquqi şəxslərə 300 milyon manatadək, o cümlədən aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib.
    Valideynlik hüququndan istifadə – uşaqla ünsiyyətdə olma tələbinə dair 6.700-dən çox icra işinin icrası mütəmadi təmin edilib, indiki pandemiya şəraiti ilə əlaqədar vətəndaşlara həmçinin videokonfrans formatında görüş imkanı yaradılıb.
    Tədbirdə icra işlərinin vaxtında təmin olunması üçün icra qurumları tərəfindən mütəmadi olaraq zəruri icra tədbirlərinin görüldüyü, bununla belə borclular tərəfindən icradan qərəzli boyun qaçırıldığı, bəzən aliment işləri üzrə ödəmələrin aparılmasına laqeyd yanaşıldığı qeyd edilərək bununla əlaqədar KİV-lərin imkanlarından geniş istifadə olunmaqla borclular tərəfindən qərarlarının icrasının labüdlüyü, bütövlükdə icra fəaliyyəti barədə mütəmadi maarifləndirmə işlərinin aparıldığı bildirilib.
    Bununla yanaşı, icradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib, 2021-ci ildə belə hallara yol verən 2.800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1.562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.
    İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və çatışmazlıqlar qeyd edilib, bununla bağlı nazirliyin məsul işçiləri dinlənilib, problemləri doğuran səbəb və şərait təhlil olunmaqla onların aradan qaldırılması yolları müzakirə edilib. Vətəndaşlardan daxil olan, o cümlədən qaynar xətlərə edilən haqlı şikayətlərin narahatlıq doğurduğu bildirilərək bu işə diqqətin artırılması ilə bağlı tədbirlər müəyyən edilib.
    Müşavirəyə yekun vuran nazir müavini E.Nuriyev icra xidmətinin işinin dövlət başçısının tələblərinə uyğun təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin, qanunvericiliyin tələblərinə, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, insanların məhkəmə qərarlarının icrasına geniş təşviq olunması və digər məsələlərlə bağlı konkret tapşırıqlar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR