AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə Nazirliyində görülmüş işlərə və dövlət başçısının tapşırıqlarının icrasına həsr olunan kollegiya iclası keçirilib

  • + A
  • - A
  • 30-06-2021, 20:14


    İyunun 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
    İclasda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisi, işğaldan azad edilmiş torpaqlarımızın bərpası, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələrin həyata keçirilməsi qeyd olunub.
    Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti qeyd olunaraq bu mühüm sənədin ölkələrimizin ümumi maraqlarının və təhlükəsizliyinin qorunmasına xidmət etdiyi vurğulanıb.
    Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində islahatların davam etdirildiyi, yüksək texnoloji məhkəmələrin yaradıldığı, o cümlədən ötən ay Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müasir binasının və Masallı Məhkəmə Kompleksinin istifadəyə verildiyi bildirilib. Qeyd edilib ki, məhkəmə binalarında şəffaf və innovativ fəaliyyətin təşkili, xüsusilə vətəndaşların rahatlığı üçün yaradılmış müasir şərait media-tur təşkil edilərək ictimaiyyətə təqdim olunub.
    İclasda ədliyyə fəaliyyətin əsas istiqamətləri üzrə cari ilin birinci yarımilində görülmüş işlər müzakirə olunaraq məlumat verilib ki, ölkədə iqtisadi inkişafa, əhalinin rifahının yaxşılaşdırılmasına yönələn qanunvericiliyin təkmilləşdirilməsi işində iştirak edən nazirlik tərəfindən 1.500-dən artıq hüquqi akt layihəsi hazırlanıb, 1.400-dən çox akt ekspertizadan keçirilib.
    Əhalinin hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin yeni vahid elektron bazası (e-qanun.az) istifadəyə verilib, funksionallığı, interaktivliyi və əlçatanlığı ilə fərqlənən bu elektron resursa cari ildə daxilolmaların sayı 1,1 milyonu ötüb. Həmçinin vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı maarifləndirilməsi məqsədilə nazirliyin sosial şəbəkə səhifələrinin imkanlarından istifadə edilməklə mətbuat konfransı və onlayn brifinqlər keçirilib.
    Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 1.900 vətəndaş bilavasitə və videoformatda qəbul edilib, müraciətlərlə bağlı zəruri tədbirlər görülüb.
    Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb. Həmçinin birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53.400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.
    Eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.
    Cari ildə həmçinin, azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2.800-dən çox elektron qolbaq tətbiq edilib, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb.
    Bundan əlavə, birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxıldığı, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylərin verildiyi bildirilib. Nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərin görüldüyü, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1.225 aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 2.400 hektardan çox torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub.
    Eyni zamanda, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə bir sıra mötəbər beynəlxalq forumlarda iştirak edildiyi, bu zaman Ermənistanın qanunsuz əməlləri, xüsusilə azad edilmiş torpaqlarımızda işğal dövründə quraşdırdıqları mina xəritələrini verməsi ilə bağlı çağırışların edildiyi, həmçinin xarici ölkələrin ədliyyə nazirlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığı diqqətə çatdırılıb.
    Kollegiyada "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlər qeyd olunaraq ədalət mühakiməsinə əlçatanlığı genişləndirən, şəffaflığı və operativliyi təmin edən e-məhkəmənin keyfiyyətli və dayanıqlı fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib, bu sahədə vəzifələrə dair Təlimat təsdiq olunub.
    İclasda qarşıda duran vəzifələr müzakirə edilərək ədliyyə fəaliyyətinin dövlət başçısının yüksək tələbləri səviyyəsində qurulması, yol verilən xarakterik nöqsanların səbəb və şəraitinin aradan qaldırılması, vətəndaşlara layiqli xidmətlər göstərməklə məmnunluğun təmin edilməsi, şəffaflığın artırılması ilə bağlı tapşırıqlar verilib, etik davranış qaydalarına dönmədən əməl olunması və korrupsiyanın yolverilməzliyi diqqətə çatdırılıb.
    Eyni zamanda ölkə başçısı tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər məsələlərin həlli ilə bağlı nazirliyin qarşısında duran vəzifələrin mütəşəkkil icrasının diqqətdə saxlanılması vurğulanıb. Ədliyyə fəaliyyətinin istiqamətləri üzrə əsas prioritetlərə dair, o cümlədən ədliyyənin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramının icrası, ictimai iştirakçılığın səmərəliliyinin artırılması, ədliyyə xidmətləri ilə innovasiyaların tətbiqi ilə bağlı və digər konkret tədbirlər müəyyən edilib.
    Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR