Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Ədliyyə nazirinin müavini Eldar Nuriyevin sədrliyi ilə xüsusi karantin qaydalarına əməl olunmaqla nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Çıxış edən nazir müavini ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində xalqımızın parlaq qələbəsini, işğaldan azad edilmiş doğma torpaqlarımızın yenidən dirçəlişi istiqamətində irimiqyaslı tədbirlərin görüldüyünü, müharibə zamanı Ermənistanın dinc əhalimizə qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərinin istintaqı, dağıdılmış mülki infrastruktura dəymiş külli miqdarda ziyanın qiymətləndirilməsi məqsədilə hadisə yerlərinə baxışlar keçirildiyini, çevik qaydada ekspertizaların aparıldığını bildirmişdir.
Müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov çıxış edərək cari ildə mərkəzə daxil olan ekspertiza işlərinin sayının 16%-dən çox artaraq 21 mini ötdüyünü, onlardan 17.500-dən çoxunun icraatının tamamlandığını, ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi üzrə aparılan davamlı işlərin nəticəsi olaraq mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcminin 30% artdığını vurğulamışdır.
Həmin dövrdə ekspertlər tərəfindən 371 mindən çox tədqiqat obyekti araşdırılaraq 90 faizə yaxın - 39 mindən çox sual cavablandırılıb. Cari ildə tikinti-texniki, müharibə cinayətləri ilə bağlı olan ballistik, əmtəəşünaslıq, mühasibatlıq, narkotik vasitələrin, audio və video yazıların ekspertizaları üzrə işlərin sayında artım qeydə alınıb.
Ədalət mühakiməsinin həyata keçirilməsində operativliyin, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə ekspertizaların 72%-i qanunvericiliklə müəyyən olunmuş müddətdən tez başa çatdırılıb.
Ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12%-dən çox artıb.
Ədliyyə orqanlarında işə yüksək tələbkarlığın və ekspertizaların keyfiyyətinin artırılması üzrə görülən tədbirlərin nəticəsi olaraq təkrar ekspertizaların sayı 13% azalıb. Məhkəmə və hüquq mühafizə orqanlarına metodik kömək məqsədilə təqdim olunmuş sənədlərin sayı 28% artıb.
Cari ildə özəl məhkəmə ekspertizası institutunun təşviqi məqsədilə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”nin və “Məhkəmə ekspertizasının metodik fondu”nun formalaşdırılması məqsədilə 198 tədqiqat metodikasına dair pasport hazırlanıb, metodik fondla bağlı 251 adda elmi-metodiki materiallar tərtib edilib, maarifləndirici video-çarxlar və digər əyani vəsaitlər hazırlanıb.
Müşavirədə məhkəmə ekspertizası fəaliyyətində müasir İnformasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqi, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən işlər, beynəlxalq akkreditasiya ilə bağlı fəaliyyət barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə 6 ekspert ixtisası üzrə ekspertizalar beynəlxalq akkreditasiyadan keçməklə həyata keçirilir.
İclasda görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar diqqətə çatdırılaraq onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müəyyən edilib.
Müşavirəyə yekun vuran nazir müavini ölkə başçısının maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi, israfçılığa və lüzumsuz xərclərə yol verilməməsi barədə göstərişlərini diqqətə çatdırmaqla yanaşı qarşıda duran vəzifələrin yerinə yetirilməsi, ekspertiza fəaliyyətinin səmərəliliyinin artırılması, cinayətkarlığa qarşı mübarizədə profilaktik işlərin sürətləndirilməsi, ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşların, xüsusilə şəhid olmuş, itkin düşmüş, əlil olmuş şəxslərin ailə üzvlərinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı zəruri tapşırıqlar verib.