Ədliyyə Nazirliyinin Kommunikasiya Strategiyası hazırlanacaq - FOTO
Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.
Kollegiyada ölkə rəhbərinin 06.03.2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın bu sahədə işin təkmilləşdirilməsində, layihələrin hazırlanması ilə bağlı vahid standartların müəyyən edilməsində, məlumatların sistemli toplanılmasında, monitorinq və qiymətləndirmənin daha səmərəli aparılmasında mühüm rolu qeyd edilərək nazirliyə verilmiş tapşırıqların həmin sənədin tələbləri nəzərə alınmaqla vaxtında, dürüst və keyfiyyətlə icrasına nəzarətin gücləndirilməsi tapşırılıb.
Eyni zamanda açıq hökumətin təşviqi, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tədbirlər müzakirə olunub. Bildirilib ki, dövlətimizin başçısı ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətə hər zaman müstəsna əhəmiyyət verir. Bu məqsədlə “İctimai iştirakçılıq haqqında” mühüm Qanun, vətəndaş cəmiyyəti və media ilə səmərəli işin təşkili və bu sahəyə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı yeni fərmanlar qəbul olunub. Həmçinin ictimaiyyətlə əlaqələr sahəsində işin çevik və səmərəli təşkili məqsədilə vahid kommunikasiya siyasəti həyata keçirilir.
Bununla bağlı müvafiq təlimatlara və tövsiyələrə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən görülən işlər qeyd olunub, media və vətəndaş cəmiyyəti ilə fəaliyyətin vahid strategiya əsasında həyata keçirilməsi, bu məqsədlə ədliyyə fəaliyyəti üzrə Kommunikasiya Strategiyasının işlənib hazırlanmasına dair tapşırıqlar verilib.
Həmçinin uzun illərdən bəri ictimai iştirakçılığı təmin edən mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər müzakirə olunaraq müvafiq Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Kollegiyada ölkə başçısının rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində nazirliyin tabe qurumlarının, o cümlədən regional ədliyyə idarələrinin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr islahatlarının aparılması, yerli ədliyyə orqanları ilə əlaqəli işin və nəzarətin səmərəliliyinin artırılması, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin dövlət başçısının yüksək tələbləri səviyyəsində müasirləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib.
Eyni zamanda nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə ölkəmizin cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəyə, hüquqi sahədə rəqəmsal çağırışlara həsr olunan mötəbər beynəlxalq hüquq forumlarında fəal təmsil olunduğu, Azərbaycan həqiqətlərinin, təcavüzkar Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə geniş çatdırıldığı vurğulanıb, bu sahədə ardıcıl tədbirlərin davam etdirilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Yaponiya ilə ədliyyə sahəsində əməkdaşlıq sənədinin razılaşdırılması, bu ərəfədə Özbəkistanla imzalanmış Əməkdaşlıq Proqramının səmərəli implementasiyası ilə bağlı tapşırıqlar verilib.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələrinə baxılaraq təsdiq edilib, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.