Baytarlıq Təbabəti fakültəsi1931-ci ildə Gəncədə heyvandarlıq sahəsi üzrə ilk Azərbaycan Zoobaytarlıq İnstitutu, onun nəzdində zootexniya və baytarlıq fakültələri yaradılmışdı. Baytarlıq fakültəsi üzrə altı kafedra, zootexniya fakültəsində dörd kafedra fəaliyyət göstərirdi. Həmin dövrdə bu institut baytarlıq və zootexniklik sahələri üzrə elmi-tədqiqat işləri ilə məşğul olan əsas mərkəz hesab edilirdi. Universitetdə baytar həkimlərinin ilk buraxılışı 1935-ci ildə olmuşdur. Bu dövrdə artıq kafedralar elmi-pedaqoji kadrlarla müəyyən qədər təmin olunmuşdu. Kafedralara rus alimlərindən başqa, azərbaycanlı mütəxəssislər də rəhbərlik edirdilər. Fiziologiya kafedrasına K.Q.Qəmbəroğlu, biokimya kafedrasına Q.M.Rəhimzadə, patanatomiya kafedrasına A.D.Səmədov, klinik diaqnostika və müalicə kafedrasına Y.Y.Babayev, farmakologiya kafedrasına C.R.Cəfərov, mikrobiologiya kafedrasına M.K.Qəniyev rəhbərlik edirdilər. Sonralar kafedralar Moskva, Sankt-Peterburq (Leninqrad), Kazan və digər baytarlıq institutlarında aspirantura məzunları olanlar (M.Ə. Mehdiyev, Q.Q.Mövsümzadə, N.S.Abusəlimov, A.H.Qədimov, M.B.Əzimov, K.M.Səfərov, Y.Ələkbərov, M.İ.Həsənov, M.Əlizadə və başqaları), daha sonralar isə fakültənin məzunları hesabına elmi pedaqoji kadrlarla təmin olundu.
Əcnəbi alimlərdən İ.N.Qvatua, professor V.M.Bitski, dosent N.M.Preobrajenski mühazirələr söyləmiş, dosentlər V.V.Spasski və F.F.Poroxov kliniki diaqnostika və yoluxmayan daxili xəstəliklər kafedrasına rəhbərlik etmişlər. 1936-cı ilə kimi anatomiya kafedrasına dosent V.Y.Lipatov, fiziologiya və histologiya kafedrasına prosessor D.V.Znamenski, kafedralar birləşdirildikdən sonra anatomiya və histologiya kafedrasına 1948-ci ilə kimi L.M.Çuvatin rəhbərlik edib. 1932-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun təşkilatçılarından biri, professor Fətullabəy Rzabəyli zoologiya, zoogigiyena və baytarlıq-sanitariya ekspertizası kafedrasına rəhbərlik edib. Histologiya kafedrası ayrıldıqdan sonra, bu kafedraya professorlar D.V.Znamenski və V.İ.Lamski rəhbərlik etmişlər.
Fakültənin məzunlarından olan alimlərimizdən bəziləri: professor M.Ə.Mehdiyev rektor (1954-1962), professor R.A.Qədimov elmi işlər üzrə prorektor (1973-1979) və rektor (1990-1995), H.M.Hacıyev elmi işlər üzrə prorektor (1978-1988), R.N.Allahverdiyev (1965-1970) və A.Əliyev institut partiya təşkilatının katibi, Ə.A.Əsgərov və Ə.M.Xəlilov institutun həmkarlar ittifaqı yerli komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmışdılar.
Zootexniklik fakültəsində akademik F.A. Məlikov, Elmlər Akademiyasının müxbir üzvü A.Ə.Ağabəyli, professor C.M.Axundov, professor M.H.Sadıxov, professor R.X. Səttarzadə, professor Z.Q.Verdiyev, professor R.M.Mehdiyev, professor T.M.Turabov, professor K.B. Ağalarov kimi alimlər uzun müddət çalışmışdılar.
Hazırda fakültədə bakalavriat və magistratura səviyyələrində “baytarlıq”, “zootexniklik”, “əczaçılıq”, “balıqçılıq və baqlıqçılıq təsərrüfatı işi”, doktorantura səviyyəsində “farmakologiya, klinik farmakologiya”, “dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili”, “baytarlıq elmləri”, “əczaçılıq kimyası, farmakoqnoziya”, “xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası”, “kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması”, “ixtiologiya” ixtisasları üzrə kadr hazırlığı aparılır.
Fakültənin nəzdində 5-heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası, əczaçilıq və baytarlıq sanitariya ekspertizası, epizootologiya, mikrobiologiya və parazitologiya, yoluxmayan xəstəliklər kafedraları fəaliyyət göstərir.
Son illərdə fakültənin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, yeni laboratoriyalar, tədris və təcrübə mərkəzləri yaradılmışıdır: quşçuluq tədris-təcrübə mərkəzi; qapalı və açıq balıqyetişdirmə laboratoriyası; bildirçin yetişdirilməsi üzrə tədris mərkəzi; pataloji anatomiya muzeyi; baytar-sanitar ekspertizası laboratoriyası; əczaçılıq kimyası laboratoriyası və s.
Baytarlıq təbabəti fakültəsində kafedralar aşağıdakı istiqamətlərdə tədqiqat aparırlar:
- Qida Təhlükəsizliyi aspektləri;
- Qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı sahəsində araşdırmalar;
- Azərbaycanda aflatoksikozun durumunun araşdırılması;
- Pandemiya zamanı qida zəncirindəki konkret risklər;
-Müxtəlif növ k/t heyvanları və quşlarında ən çox təsadüf edilən cərrahi, mamalıq və daxili xəstəliklərinin müasir üsullarla diaqnostikası, müalicə və profilaktikası;
-İnəklərdə yumurtalıqların xəstəlikləri, endometritlər və süd vəzilərinin xəstəlikləri: Bu istiqamətdə işlər Göy-göl rayonu fermer heyvandarlıq təsərrüfatlarında aparılır;
-Göy-göl rayonun fermer heyvandarlıq təsərrüfatında inəklərdə endometritlərin müalicəsində dərman bitkilərindən çaytikanı və boymadərənin tətbiqi;
-Yüksək məhsuldar qaramalda dırnaq xəstəliklərinin effektiv müalicə və profilaktika tədbir planlarının işlənilib hazırlanması;
-Pododermatitlərin və laminitlərin effektiv müalicə medotlarının işlənilib hazırlanması;
-Azərbaycanın ixtisaslaşmış təsərrüfatlarında camışların ketoz xəstəliyinin etiologiya, patogenez, müalicə və profilaktikası;
-Camışçılıq təsərrüfatlarında ketoz xəstəliyinin etioloqiyasıına təsir edən amillərin müəyyən edilməsi, fermer təsərrüfatlarında əmələ gətirən səbəbləri aradan qaldırmaq üçün seminarların təşkili;
-Camışlarda ketoz xəstəliyinin profilaktiki tədbirlərin tətbiq edilməsi, ekoloji təmiz məhsulun alınması üçün boğaz camışların qüvvətli yemlərlər ilə yemləndirilməsi;
-Camışlarda ketoz xəstəliyinin diaqnozunu müəyyən etmək üçün ağuz südünün və südün müayinəsi kvartalda bir dəfə seçilmiş təsərüfatlarda dispanserizasiyanın aparılması;
-Azərbaycanın iqlim şəraitində qaramal, camış, qoyun və keçi südlərinin baytar-sanitar ekspertizası və keyfiyyətinə müxtəlif amillərin təsirinin araşdırılması;
-Qırxbuğum cinsindən olan su bibəri, yolotu və quşbuğdası bitkilərinin farmakoqnostik, fitokimyəvi və farmokoloji tədqiqi;
-Selen mikroelementinin quşçuluqda tətbiqinin öyrənilməsi;
-Laktasiyanın müxtəlif mərhələlərində inək və camışların südündə bir sıra inqredient göstəricilərinin yem əlavəsi verilməsi ilə əlaqədar olaraq dəyişməsinin müqayisəli dinamikası;
-İmidaklopirid insektisidinin çəki balığının qan göstəricilərinə və davranışına təsirinin öyrənilməsi;
-Dərman vasitələri və dərman bitki xammalları ilə buzovların mədə-bağırsaq xəstəliklərinin profilaktika və müalicəsi;
-Azərbaycan florasında Chamaenerion latifolium cinsinə aid bitki növlərin farmako-kimyəvi tədqiqi;
-Azərbaycan florasında olan Esparsette (Onobrychis Adans) cinsinə aid bitki növlərin farmakoqnostik tədqiqi;
- Heyvanlar və quşlar arasında daha çox təsadüf olunan yoluxucu xəstəliklərin (infeksion və invazion) müasir diaqnostika üsullarının öyrənilməsi və xəstəliklərə qarşı daha səmərəli profilaktika və müalicə tədbirlərinin işlənib hazırlanması;
-Qoyunların Salmonellyozuna qarşı baytarlıq-sanitariya kompleks tədbir planlarının işlənilib hazırlanması və həyata keçirilməsi;
-Quşların kokk infeksiyalarına qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi;
-Pişiklərdə və itlərdə mikrosporiyanın epizootoloji və epidemioloji xarakteristikası, xəstəliyin müalicə və profilaktikasının təkmilləşdirilməsi.
Əziz abirturiyentlər və valideynlər! Təxminən 1 həftə sonra, ixtisas seçimlərinə başlanılır. Sizləri Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti" fakültəsini seçməyə çağırıram! İxtisas seçimlərində uğurlar!
Baytarlıq ixtisası üzrə tələbə Təbriz Abdullazadə