Nümunəvi xidmətdə onların da rolu var
Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi etmiş Bakının nəqliyyat infrastrukturunun nümunəvi xidmətində metropolitenin də böyük rolu olub.
“A” qrupunun 3 oyunun və 1/4 final görüşünün keçirildiyi günlərdə metropolitenin nümunəvi xidmətinin təşkilində könüllülərin də zəhmət payı var. Onların xidmətinə müraciət edilməsində əsas məqsəd sərnişinlərin, o cümlədən paytaxta təşrif buyurmuş qonaqların metropolitendə koordinasiyalı hərəkətini, yarış məkanına və sosial-mədəni obyektlərə səmtin rahatlıqla müəyyənləşdirməsini, gediş haqqının ödənilməsi və istifadə qaydalarının izah olunmasını təmin etmək olub. İki növbəli rejimdə işi qurulan 38 könüllü həmçinin sərnişinlərə faydalı məlumatları, paytaxtın zəngin tarixi-mədəni irsi, sosial-mədəni və iaşə obyektləri barədə məlumatlar verib. Sərnişinləri yaddaş kitabçaları, şəhər və Avropa çempionatı haqqında məlumat broşürləri və digər vəsaitlərlə təmin ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Yeddi stansiyada (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) üzərində "Ask me" (“Məndən soruş”) yazılmış xüsusi geyimlərdə olan könüllülərin fəaliyyəti “Bakı Metropoliteni” QSC tərəfindən yüksək qiymətləndirilib.
Bununla əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqında görüş keçirilib. Tədbirdə hər bir könüllüyə Bakı metropoliteni kimi mürəkkəb funksiyalı nəqliyyat vasitəsində yüksək səviyyədə bacarıq nümayiş etdirdiklərinə görə qurumun rəhbərliyi adından təşəkkür elan edilib. Onlara hədiyyə və müvafiq sertifikatlar təqdim olunub.
“Bakı Metropoliteni” QSC-nin nümayəndələri ölkəmizdə bu hərəkatın inkişafında, eləcə də gənclərin ictimai fəallığının artırılmasında xüsusi rol oynayan Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə gələcəkdə əməkdaşlığın daha geniş şəkildə qurulması barədə fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.