Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Boğaziçi Universitetinin rektoru, professor Naci İnci, prorektor, professor Gürkan Kumbaroğlu və baş katibin müavini, dosent Nedim Malkoç ilə görüşüb. Qardaş ölkənin nümayəndə heyətini Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirən Elmar Qasımov BANM-in uğurlarından bəhs edib. Rektor bildirib ki, bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Rektor BANM tələbələrinin yerli və xarici şirkətlərdə yüksək səviyyədə istehsalat təcrübəsi keçdiklərini vurğulayıb. Görüşdə ali məktəblər arasında ikili diplom proqramının həyata keçirilməsi geniş müzakirə olunub. Boğaziçi Universitetinin rektoru, professor Naci İnci Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Gürüşdə Bakı Ali Neft Məktəbi ilə Türkiyənin Boğaziçi Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq sənədini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Boğaziçi Universitetinin rektoru, professor Naci İnci imzalayıblar.
Anlaşma Memorandumunun məqsədi hər iki müəssisənin professor-müəllim heyəti və tələbələri arasında təhsil yönümlü, professional və mədəni fəaliyyətləri dəstəkləyərək beynəlmiləllik anlayışını, təqaüd üzrə əməkdaşlığı, mədəniyyətlərarası inteqrasiyanı və dostluq münasibətlərini önə çəkməkdir. Memorandum hər iki universitet tərəfindən zəruri və uyğun görülən proqramları həyata keçirmək üçün universitetlərarası münasibətin gücləndirilməsi və inkişafına töhfə verməyi özündə əks etdirəcək.
Anlaşma Memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.