Ceyhun Məmmədov,
Milli Məclisin deputatıAzərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsi barədə razılıq əldə edildi.. Ermənistanın Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Nəhayət 25 noyabr 2020-ci il tarixinda Kəlbəcər rayonu işğaldan azad edildi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil oldu.
Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 50 dinc əhali öldürülüb, 20 nəfər isə əsir götürülüb və itkin düşüb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Hazırda İşğaldan azad olunmuş digər ərazilər kimi, Kəlbəcərdə də müxtəlif infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində Prezident İlham Əliyev və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydular. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış oldular, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etdilər. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyuldu.
Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub yartmağa başlayacaqlar.