Göycay Rayon İcra Hakimiyyəti, Göyçay Şəhər İnzibati Ərazi Nümayəndəliyi və Göyçay İcması İctimai Birliyi rayonda abadlıq-quruculuq işlərinə başlayıb. Şəhərin mərkəzi küçələri təmizlənir, ağacların dibləri bellənir, ərazidə görünüşə xələl gətirən ağaclar formaya salınırlar. Qrant layihəsi əsasında İctimayi Birliyin əldə etdiyi vəsait hesabına alınan ekoloji cəhətdən təmiz zibil qutuları təyin edilmiş yerlərdə qoyulur, əhali şəhərin təmiz, səliqə-səhmanda saxlanılması üçün təlimatlandırılır, maarifləndirmə işləri aparılır. Göyçay şəhər Ərazi İcra Nümayəndəliyinin rəhbəri Rəşad Şükürovun Azadmedia.az-a verdiyi məlumata görə, mərkəz küçələrdə təmizlik, abadlıq-quruculuq işləri başa çatdıqdan sonra rayonun digər küçələrində də sözü gedən işlər davam etdiriləcək. Sonda Rəşad müəllim saytımız vasitəsi ilə Göyçay şəhər sakinlərini və Göyçaya qonaq gələn vətəndaşları təmizliyə riayət etməyə çağırdı, onların dəstəyi olarsa məqsədlərinə daha tez nail olacaqlarını bildirdi.