“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsi üzrə əlaqələndirici dövlət orqanı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də, “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü əsasında bu gün Holiday İnn otelində “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda növbəti tədbir keçirilir.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” ölkəmizdə uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaq müdafiəsi sahəsində işlək mexanizmin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, habelə uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı əlaqələndirici orqan olaraq müəyyən edilmiş və bundan irəli gələrək müvafiq bəndlərin icrasının səmərəli təmini və uşaq məsələləri ilə əlaqədar problemlərin koordinasiyasının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir.
Tədbir zamanı Strategiyanın beş prioritet istiqaməti üzrə mövzular müzakirə ediləcək.
• Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;
• Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması;
• Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanlar yaradılması;
• Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsi;
• Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.