28 oktyabr tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zülməti dələn işıq” adlı layihənin təqdimat mərasimi keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Tohid Hüseynov, Milli Məclisin deputatı İlham Məmmədov, RİHB aparatının əməkdaşları, ictimai birliyin sədri Arzu Bağırova, media nümayəndələri, ziyalılar və görmə məhdudiyyətli şəxslər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətif açaraq “Zülməti dələn işıq” layihəsinin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, layihə çərçivəsində hazırlanan “Soyuq Günəş” filmi ilk dəfə səsli bətimləmə ilə təqdim olunur ki, bu da görmə imkanları məhdud şəxslərin mədəni həyata daha fəal qoşulmasına şərait yaradır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Tohid Hüseynov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, görmə məhdudiyyətli şəxslər üçün xüsusi formatda hazırlanmış bu filmin məhz Masallıda təqdim edilməsi sosial həssas qrupların cəmiyyətə inteqrasiyası baxımından önəmli hadisədir. O, təşəbbüsün müəlliflərinə minnətdarlığını bildirərək bu kimi layihələrdə hər zaman dəstək göstəriləcəyini vurğulayıb.
Layihənin ideya müəlliflərindən biri, ictimai birliyin sədri Arzu Bağırova çıxışında Masallı Rayon İcra Hakimiyyətinə və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göstərilən dəstəyə görə təşəkkür edib. O, belə təşəbbüslərin vətəndaş cəmiyyəti institutlarını daha fəal olmağa ruhlandırdığını bildirib.
Millət vəkili İlham Məmmədov öz çıxışında dövlətimizin başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələr bərabərlik və humanizm prinsiplərinin cəmiyyətimizdə dərin kök saldığını nümayiş etdirir.
Filmin prodüserləri Ramal Əzimzadə və Sədaqət Kərimova layihənin ideyası və məqsədi barədə məlumat verərək bildiriblər ki, “Soyuq Günəş” ləzgi xalqının ilk tammetrajlı bədii filmidir və burada bu xalqın qədim adət-ənənələri və həyat tərzi əks olunur.
Sonda “Soyuq Günəş” filmi səsli bətimləmə formatında nümayiş olunub. Görmə məhdudiyyətli şəxslər və digər tamaşaçılar filmə böyük maraq göstəriblər və alqışlarla qarşılayıblar.
Tədbirin sonunda görmə məhdudiyyətli şəxslərə, onların qəyyum və baxıcılarına “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub.