Son dövrlər dövlət qurumlarında məsul vəzifələrdə işləyən şəxslərin yeganə gəlir yeri torpaq əkib-becərilməsi olan kəndlilərin bizneslərinə göz dikməsi adi hal alıb. Beləki, torpaqları zəbt edən məmurların bəzisi hektarlarla torpağı otlaq sahəsinə çevirir, bəziləri isə əkin sahəsinə. Nəticədə kəndli heyvandarlığın inkişafı üçün otlaq yeri tapmır. Vay o gündən ki, məmurların parnik sahələri genişlənə. Bu, lap faciə olur. Fasilə ilə verilən su məmurların sahələrinin suvarılmasına sərf olunur, gözünü dövlətin verdiyi pay torpağına dikən kəndlinin məhsulu susuzluqdan məhv olur, ya da məhsuldarlıq o qədər az olur ki, texnikanın pulunu ödəməyə güclə yetir. Bizim də Salyanda pay torpağımız var və bu hadisələrin şəxsən şahidiyəm. Yayda əkin sahələrimizə su verilmir, məhsuldarlıq az olur. Bu sezon 3-cü biçimdən əvvəl bizə su növbəsi çatmadı, nəticədə gözlədiyimiz məhsuldarlığın 3-də 1-i ilə kifayətlənməli olduq.
Şirvan zonasının torpaqlarının yeni qənimiGeneral Ceyhun Həsənov adı mediaya yaxşı tanışdır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov Salyan Rayonu İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla işbirliyi qurub. Yazını oxuyanda fikirləşəcəksiniz icra ilə penitensiarı hansı əlaqələr bağlayır? Xələc türməsi? Əlbəttə yox!
Penitensiar Xidmətin rəisinin aqrar sahəyə olan marağı pomidorun yeni növlərinin yaradılması, hər hektardan daha çox sentner məhsul əldə edilməsi üçün yollar axtarmağa vadar edib onu. Yoxsa İsraildən mütəxəssis gətirməsi xəbərləri bəzəməzdi medianı.
Tanınmış jurnalist Aygün Muradxanlının araşdırmasına görə Ceyhun Həsənov pomidor biznesini genişləndirmək üçün Şirvan Dövlət Qoruğundan 518 hektar torpaq zəbt edib. Bu zamana qədər Salyan Aqro-nun icarəyə götürək dənli bitkilər yetişdirdiyi ərazilərin hara buxarlandığına aydınlıq gəlir.
Aygün xanım yazır ki, General və icra başçısının birgə qurduğu plana görə, Salyan rayonunun dövlət torpaqlarından heç şoran da bitməyən 512 hektar torpağı Şirvan Dövlət Qoruğuna verilib, əvəzində qoruğun münbit, kultivasiya prosesindən keçmiş, əkinə yararlı 518 hektar torpağı dövlət torpağı kimi qeydiyyata alınaraq Salyan İH-nin sərəncamına verilib. S. Hətəmov da ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun “Salyanpomidor" MMC-sinə icarəyə verib.
Aygün xanımın araşdırmasına görə, həmin əkinə yararlı torpaqları Salyan Aqro əkib-becərəndə Şirvan Dövlət Qoruğunun illik 40-45 min manat gəliri olurdu, vəsaitin bir hissəsi Şirvanın flora və faunasının zənginləşdirilməsinə xərclənirdi. Azərbaycanın ən çox ceyran, cüyür, qırqovul bəslənən qoruğu təəssüf ki, indi generalın pomidorçuluq eşqinin güdazına gedir.
Salyanın ruzili torpaqları generalı o qədər həvəsə gətirib ki, İsraildən kənd təsərrüfatı mütəxəssisləri gətirib sortları calaq edir, ildə 3 dəfə məhsul almaq üçün gübrələr ixtira etdirir. Adam həbsxanalara nə zaman nəzarət edir görəsən? Məncə Ceyhun Həsənov məsul vəzifəsi ilə xudahafizləşib bütün əməyini milyonlarla gəlir gətirən təsərrüfat işinə sərf etsə yaxşıdır, nəinki biznes fəaliyyəti ilə gündəmləri bəzəyib işlədiyi Nazirliyin imicinə zərbə vurmaq.
Elnurə Abuşova[/center]
[center]