AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Cahangir Vətən yolunda vuruşub, Vətən də ona sahib çıxmalıdır...”

  • + A
  • - A
  • 3-11-2022, 12:01

    “Cahangir Vətən yolunda vuruşub, Vətən də ona sahib çıxmalıdır...”

    Qazi Cahangir Əliyevi çoxları tanıyır. Sumqayıtın Kotec qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü qazimiz 2019-cu ilin aprelində hərbi xidmətə yollanıb, İkinci Qarabağ savaşında ağır yaralanıb və 2 ay komada qalıb. Cahangir Türkiyədə müalicə olunub, sağlamlığında xeyli irəliləyiş olsa da, müalicəsi mərhələli şəkildə davam etməlidir. 21 yaşlı qazinin beyninin 70 faizinin zədələndiyi, demək olar ki, beyninin bir yarımkürəsinin olmadığı bildirilir. Müharibədə aldığı zədədən bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulan qazinin ayaqlarında da ciddi problemlər var və çəliksiz gəzə bilmir.
    Anası Sevda Əliyeva övladına diqqətsizlikdən şikayət edir. O bildirir ki, Cahangirin sağlamlığı müharibə şəraiti üçün yararlı olmasa da, özü təkid edərək vuruşmaq istəyib və döyüşə gedib. İndi bədəninin üçdə ikisi şikəst durumda olan qazi qapılarda süründürülür: “Övladıma olan diqqətsizliyə görə Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban Əliyevanın qəbuluna getdim. Özləri qəbul etməsələr də, nümayəndələri söz verdilər ki, bütün şikayətlərimizlə əlaqədar qurumlar məşğul olacaq. Amma nə sözümüzü eşidən var, nə şikayətimizə baxan. Cahangirin gözünün müalicəsi İsraildə mümkündür. Müalicə üçün ora göndərilsə, mən öz gözümün birini verməyə hazıram, ancaq etmək istəmirlər.
    Övladımın müalicəsi üçün ömrü boyu normal şərait və maddi imkan lazımdır. Sumqayıt İcra Hakimiyyəti qanunla ona düşən mənzil və torpaq sahəsini də vermək istəmir. Keçən dəfə zəng edib deyirlər ki, Sumqayıt stansiyasında mənzil verə bilərik. Niyə mənim birinci dərəcəli əlil övladımı, şəhərin içində mənzil hüququ ola-ola, stansiyaya göndərirlər? Niyə başqalarına o imtiyaz şamil olunur, mənim bu dərəcədə əlil olan övladıma yox? Sumqayıtda son illər onlarla təzə binalar tikilib, o mənzilləri vətən qazilərini verməyib də, kimə verəcəklər? Mənim oğlum sağ-salamat yanımda olsaydı, mənə heç nə lazım deyildi. Amma Cahangir Vətən yolunda gedib vuruşub, indi də Vətən ona sahib çıxmalıdır. Oğlumun haqqını tələb edirəm. İcra hakimiyyəti bayramlarda ərzaq göndərir, makaron, düyü, toyuq, filan. Qəbul etmirəm, deyirəm ki, oğlumun halal haqqını verin, qalanını istəmirəm.”
    Cahangirin anası mətbuat vasitəsilə səsinin lazımi ünvanlara çatdırılmasını istəyir. Biz də ümid edirik ki, isti kabinetlərdə oturub, şəhid və qazi ailələrinin fəryadına qulağını qapayan qalstuklular Sevda xanımın səsini eşidəcəklər.

    Azadlıq Qəzeti.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR