AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəfər günü təntənəsi - FOTOLAR

  • + A
  • - A
  • 7-11-2022, 22:33

    Zəfər günü təntənəsi - FOTOLAR

    ZƏFƏR GÜNÜ TƏNTƏNƏSİ

    Azadmedia.az - "Qafqaz-Media" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycandakı Atatürk Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirildi.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləndən sonra Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş unudulmaz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri "Qafqaz-Media" İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, şair-publisist Azadə Taleh Abbasqızı açaraq qonaqları salamladı. O bildirdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən iki il ötür. Otuz ilə yaxın davam edən düşmən işğalına son qoymaq və torpaqlarımızı azad etmək uğrunda xalqımızın apardığı mübarizə möhtəşəm zəfərimizlə nəticələndi. Bu şanlı Zəfəri Azərbaycan xalqına ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən uğurlu hərbi əməliyyatlar nəticəsində rəşadətli Silahlı Qüvvələrimiz bəxş etdi.

    Azadə Taleh Abbasqızı dövlətimizin başçısının “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-inin təntənəli şəkildə qeyd edildiyini bir daha nəzərə çatdırdı. O, Zəfər Gününun təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin şücaətindən ətraflı danışdı. Bildirdi ki, bu Qələbəni bizə bəxş edən Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması, qəhrəman qazilərimizin diqqətdə saxlanılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

    Azadə Taleh Abbasqızı eyni zamanda rəhbərlik etdiyi qurumun şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyindən, onlara hər zaman qayğı göstərən dövlətimizin yanında olduğundan söz açdı.

    Tədbirin aparıcısı – Bakı Dövlət Universitetinin kafedra müdiri, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan 30 illik Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri haqqında məlumat verdi, Azərbaycan torpaqlarını erməni işğalçılarının öz havadarlarına arxalanaraq işğal etdiklərini xatırlatdı. Natiq 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin işğal olunmuş ərazilərimizi mənfur düşməndən azad etdiyinə, Xalq-Ordu-Prezident birliyinin sarsılmazlığına diqqət çəkdi. O, eyni zamanda Şuşa zəfərinin hərb tariximizə qızıl hərflərlə həkk olunduğunu vurğuladı.

    Knyaz Aslan bu gün ölkəmizin Türk dünyasındakı mövqeyi barədə söz açdı, Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyəti ilə birlikdə yaxın regionda və dünyada nüfuzlu söz sahibinə çevrildiyini bildirdi, xalqımızın xoşbəxt gələcəyə uğurla irəlilədiyini əminliklə söylədi.

    Tədbirdə iştirak edən şəhid valideynləri, Birinci və İkinci Qarabağ müharibəsi qaziləri, tanınmış ziyalılar, ictimaiyyətin fəal nümayəndələri, o cümlədən Şəkurə Dadaşova, Elman Dadaşov, Azər Əlizadə, Elmar Hüseyn, Qəhrəman Quliyev, Vahid Məhərrəmov, Elmira Əhməd, Zərəngiz Mansurova, Mirdamət Əzizov, Leyla Namazova, Təranə Namzova, İstanbuldan gələrək məxsusi bu tədbirə qatılmış şairə Qalibə Cəfərova, Sahilə Abdullayeva və başqaları Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş Zəfər Gününün təntənəsindən iftixarla danışdılar. Onlar dedilər ki, indi xalqımız milli təntənəyə çevrilən bu misilsiz qələbəni yüksək səviyyədə bayram edir.

    Tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, burada nümayiş etdirilən "Zəfər Günü" plakatının müəllifi istedadlı gənc rəssam Azər Ziyadxandır.
    Sonra "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Heydər Zirvəsi", "Xarıbülbül" və digər mükafatların təqdimatı keçirildi.

    Tədbir çoxsaylı iştirakçıların möhtəşəm "Qarabağ Azərbaycandır!" nidası ilə başa çatdı.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR