Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə təşkil edilən tədbirdə Rəqəmsal Ədliyyə Yeniliklərinin təqdimat mərasimi keçirilir.
Tədbirdə açılış nitqi edən Ədliyyə nazirinin müavini Eldar Nuriyev çıxışında qeyd etdi ki, Azərbaycanın davamlı sosial-iqtisadi tərəqqisi ölkə başçısının rəhbərliyi ilə uğurla təmin edilir, insanların rifahının yaxşılaşmasına xidmət edən ardıcıl sosialyönümlü qərarlar qəbul olunur, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılır.
Ölkə başçısı və birinci vitse-prezidentin təşəbbüsü ilə xidmət sektorunun inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər, cümlədən ASAN xidmət, DOST mərkəzləri, Daşınmaz Əmlakın Məkanı kimi xidmət yerləri vətəndaşların dövlət orqanlarında əlçatanlığının artırılması, bu sahədə şəffaflığın təmin edilməsi və eyni zamanda xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaratmışdır.
Elektron ədliyyə xidmətlərinin genişləndirilməsi, smart konsepsiayalar əsasında idaretmənin optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması ədliyyənin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.
Bu strategiyaya uyğun olaraq 2022-ci ildə Ədliyyə Nazirliyi yeni innovasiyaların tətbiqinə imza atmışdır.
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin şöbə rəisi, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov çıxışında Ədliyyə Nazirliyi yeni innovasiyaların tətbiqi barədə məlumat verərək innovativ notariat həlləri barədə aşağıdakıları qeyd etdi:
1. İnnovativ notariat həlləri
- İctimaiyyətdə rəğbətlə qarşılanan, istifadəçi sayına görə artıq 400 mindən çox olan Ədliyyə Nazirliyinin “Mobil notariat” tətbiqində təqdim olunan xidmətlərin çeşidi genişləndirilmiş və dairəsinə əməliyyatın proseduru baxımından daha mürəkkəb notariat hərəkətləri, o cümlədən:
- daşınmaz əmlaka sərəcənam verilməsinə dair etibarnamələrin verilməsi,
- artıq iki tərəfin iştirakını nəzərdə tutan kirayə müqavilələrinin bağlanması xidmətləri daxil edilmişdir.
- Ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli sosial dəstək proqramlarında yaxından iştirak edən Ədliyyə Nazirliyi tərəfindən cəmiyyətin sosial həssas təbəqələri üçün təhsil-tələbə kreditlərinin mobil telefon üzərindən müraciət etməklə əldə edilməsi imkanları xeyli asanlaşmış və eyni zamanda sürətlənmişdir (bu xidmət çərçivəsində tələbə kredit əldə etmək üçün mobil tətbiq vasitəsi ilə öz ərizəsini notariat qaydasında təsdiq etdirir və Təhsil Nazirliyinin informasiya sisteminə ötürülür).
- Daşınmaz əmlakla bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı kommunal borclar haqqında tərəflərin məlumatlandırılması, yerindəcə ödənilməsi və yeni mülkiyyətçi ilə yeni kommunal xidmət müqavilələrinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə bağlanılması öhdəliklərin icra olunmasını təmin edir, “bir pəncərə” prinsipinə uyğun olaraq digər qurumlara müraciət etmək zərurətinin aradan qaldırır, habelə borclarla əlaqəli mübahisələrin qarşısının alınması üçün şərait yaradır.