Avropa İttifaqının(Aİ) Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin dəvəti ilə media nümayəndələri Nar Vadisində - Göyçay rayonunun QaraMəryəm kəndində qonaq olduq. Benefisiarlardan biri - Yeganə xanım Nuriyeva 4 hektar bağ sahəsinin ətrafını sözün əsl mənasında cənnət-məkana çevirib.
Burda qalmağa gələn ailələr üçün internet xidmətindən başqa bütün şərait qurulub. Uşaqların əyləncəsi də nəzərə alınıb. Göldə balıq tutmaq xüsusi zövqdür. Qeyd edim ki, gecə qalmağa qonaq evini seçməyən qonaqlar üçün də gölün ətrafında şərait yaradılıb. Tutduğunuz balıqların çəkisi hesablanmaqla Yeganə xanıma ödəniş etməli olacaqsınız.
Onun qonaqları qarşılamaq və yerləşdirmək üçün evi Qaraməryəm gölünün yaxınlığında, dörd hektarlıq nağ bağında yerləşir. Bura Göyçay-Bakı maqistral yolundan 200 metr kənarda yerləşməklə turistlər üçün çox rahat bir məkandır.
2021-ci ilin avqustunda yerli turistlərə aqroturizm xidmətlərini göstərmək məqsədilə ayaqyolu və hamam şəraiti yaxşılaşdırılmış, sahibə isə qonaq və yataq otaqları üçün mebel, həmçinin məişət əşya və cihazları ilə təmin edilmişdir.
İndiyədək Bakıdan gəlmiş, bu məkanı Azərbaycan Turizm Assosiasiyası vasitəsilə kəşf etmiş 19 turist ailəsinə müvafiq xidmətlər göstərilmişdir. Evdə qaldıqları hər gecəyə görə hər ailədən 40 manat qazanmaqla sahibə yerli turistlərə toplam 340 manat dəyərində emal edilmiş nar məhsullarını da satmağa müvəffəq olmuşdur.
Hazırda Nar Vadisinin ən gözəl vaxtıdır. Mələs narlar, xurmalar, qoz, nardan hazırlanmış müxtəlif təamlar Yeganə xanımın Nar Vadisində yolunuzu gözləyir.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.