Azərbaycanın diaspor siyasətinin yeni inkişaf mərhələsi
Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəffəqqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici ölkə nümayəndələrini mütəmadi qəbul etməsi artıq ənənəyə çevrilmiş və Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinə böyük təkan verir. Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər.
2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırmış, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirmişdir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir.
Müraciətdə Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsini dövlətin prioritet vəzifələrindən biri olduğunu vurğulamış və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir.
2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri zamanı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə burada məskunlaşmış soydaşlarımız da iştirak etmiş, dövlət başçımızın daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bildirmişlər.
2004-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı bu ölkədə yaşayan həmvətənlərimizlə görüşü keçirilmişdir. Görüşdə Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış edərək, azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında, iqtisadiyyatın inkişafında fəal iştirakından məmnun olduğunu söyləmiş, onlara uğurlar diləmişdi.
Azərbaycan Prezidenti 2004-cü ilin martında Qazaxıstana rəsmi səfəri zamanı da dövlət rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə, onların problemlərinin və qayğılarının həll olunması6 üçün görülən işlərlə yaxından maraqlanmışdır.
Azərbaycan Prezidenti 2004-cü ilin martında Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak etmiş, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşmüşdür. Özbəkistanda Azərbaycan səfirliyinin açılışı zamanı həmvətənlərimizlə görüşüb söhbət etmiş, onların yaşayış şəraiti, doğma Vətənlə əlaqələri ilə maraqlanmışdır.
Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləmiş, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğulamışdır. Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin binası ilə tanış olmuş, burada yaradılmış şəraitdən razı qaldığını bildirmişdir.
Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.
YAP Masallı rayon təşkilatının fəal üzvü Rəmzi Şahverdiyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.