Tarixçi alim Zaur Əliyev Şahbaz Xuduoğlunun vahid dil təklifinə sərt reaksiya verib. Azadmedia.az tarixçinin fikirlərini təqdim edir:
İlbər Oltaylı iddia edir ki, guya Azərbaycan türkcəsi daha gəncdir. Açıq deyim İlbər Oltaylının bu sözünə təəccüblənmədim. Çünki o zaman zaman bizim Azərbaycan tarixinin qədimliyinə şübhə edən fikirlər yazıb. Amma əslində bizim dil daha gəncdir yoxsa Osmanlı türkcəsi?
Bu suala cavabı tarix özü verir :
Qaramanoğulları Bəyliyinin qurucusu və hökmdarı Qaramanoğlu Məhəmməd Bəy 13 may 1277-ci ildə verdiyi tarixi fərmanı ilə türkcəni ilk dəfə olaraq dövlət dili elan etdi:
"Bundan sonra heç kimsə dərgahda, divanda, məclisdə və meydanda Türk dilindən başqa dildə danışmasın".
Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi....
XV əsrdən Osmanlı İmperiyasında dövlət yazışmalarında ərəb və fars dilləri üstünlük təşkil edirdisə, XVI yüzilliyin əvvəllərində Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətində türk dili rəsmi dövlət sənədlərində istifadə olunurdu.
Osmanlı sultanları ancaq farsca yazır, məktublarında, şeirlərində türkmənləri aşağılayırdılar. Onlar “qızılbaş” kəlməsi ilə “türkmən” kəlməsini sinonim kimi istifadə edirdilər. Bunun əksinə olaraq Şah İsmayıl şeirlərində türkmən olması ilə, türkcə danışması ilə fəxr edir, Sultan Səlimə məktublarını türkcə yazırdı. Osmanlı tarixçiləri idda edirlər ki, Şah İsmayıl dövlət dilinin fars dili elan edib. Şah İsmayılın dövlət dilinin farsca olmasına göstəriş verdiyi bir fərmanı da yoxdur. Mənim qarşıma çıxmayıb.
Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili adlandıran Dirili Qurbaninin “Şah Xətai” gəraylısında “Qoy var olsun türki-zəban, Şah Xətai, Şah Xətai” misraları, onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın kimliyini və doğma türk dilinə sevgisini əks etdirir.
Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, “Bahariyyə”nin, mükəmməl ədəbi abidə “Dəhnamə”nin (“On məktub”) müəllifi deyildi. O, dövlət fərmanlarını da ana dilində verməklə Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmişdi.
1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempferə istinadən yazır: "Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır"
Osmanlı tarixçiləri iddia edir ki, Avropa arxivlərində Papaya ünvanlanmış iki məktub var ki, türk dilində Sultan tərəfindən göndərilib. Amma..
Fakete Layoş adlı tədqiqatçı Avropa şəhərlərinin arxivlərində (Vyana və Drezden arxivlərində) saxlanılan və Osmanlı dövlətinə aid olan arxiv sənədlərini araşdırarkən iki məktub tapmışdır. Bu məktubları tədqiq etdikdən sonra Osmanlı dövlətinə deyil, Səfəvi dövlətinə aid olduğunu aşkar etmişdir. Lakin özünün də bildirdiyi kimi, məktublar Azərbaycan dilində (müəllif özü “Türk dili” deyir) yazılıb.
Bəziləri iddia edir ki, Azərbaycan maarifçililəri Osmanlı türkcəsində yazıb. Amma bu belə deyil. O Osmanlı türkcəsinə oxşayan sözlər bizim dildə olan sözlərdir ki, onu sovetlər zaman zaman bizim lüğətlərdən çıxarıb.
Təkrar edirəm Türk dilinin Azərbaycan, Qırğız, Qazax, Osmanlı yazıları olmasına baxmayaraq bir ad dəyişməzdir. Türk dili. Amma həqiqət də var ki, Türk coğrafiyası deyilən ərazidə Azərbaycan türkcəsi yaxud Azərbaycan dili deyək ən saf dildir. Sadəcə onu təkmilləşdirmək üçün sovetlərin çıxardığı sözləri bərpa etmək lazımdır...