AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

  • + A
  • - A
  • 18-04-2023, 15:06

    BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

    Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir.
    Konfransın açılışından əvvəl BDU kollektivi II Fəxri xiyabanı ziyarət edib. Görkəmli yazıçının məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
    Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayev milli ədəbiyyatımızda özünəxas yer tutur. Mir Cəlalın zəngin və çoxşaxəli fəaliyyəti nəinki öz dövründə, həm də gələcək zamanlar üçün bir örnəyə çevrilib. Böyük pedaqoq və alimin qələmindən çıxan onlarla elmi məqalə, publisistik-tənqidi yazı, onun bədii təfəkkürünün məhsulu olan hekayə və irihəcmli əsərlər bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayır. Mir Cəlalın həqiqətə və milli düşüncəyə, milli özünüdərkə söykənən hər bir yazısı əbədi yaşamaq haqqı qazanıb. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə uca tutub, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Yazıçı insan xarakterləri, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. O, yüzlərlə gəncin, tələbənin, gənc tədqiqatçının arxa-dayağı, simsarı kimi bu gün də sevgi ilə xatırlanır, yaddaşlarda işıqlı bir şəxsiyyət, bir müəllim kimi yaşayır.
    Rektor bildirib ki, Mir Cəlal Paşayev ömrünü nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib. Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı milli nəsrimizin ən parlaq nümunələrindəndir. Onun pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin ən dəyərli, qiymətli tarixi faktlarındandır. O, özünün elmi məktəbini yaratmış nadir alimlərimizdən, ədəbiyyatşünaslarımızdandır: “Böyük ədib ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. O, ötən əsrin 30-cu illərindən 80-ci illərin əvvəllərinə qədər Azərbaycan ziyalılar ordusunun ərsəyə gəlməsində başqa həmkarları ilə birlikdə əzmlə çalışıb. Böyük fəxrdir ki, Mir Cəlal müəllim uzun müddət BDU-nun Filologiya fakültəsində çalışıb, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb. Mir Cəlal müəllim yorulmaz, zəhmətkeş, fövqəladə biliyə və təfəkkürə sahib, istedadlı bir şəxsiyyət olmaqla bərabər, həm də olduqca məğrur, əyilməz, sadə, təvazökar, hamını sevməyi bacaran, istedadlılara xüsusi qayğı bəsləyən, humanist, fədakar bir insan, yazıçı, alim, pedaqoq kimi hələ sağlığında böyük hörmət qazanmışdı. BDU-nun sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur”.
    Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
    Daha sonra BDU-nun Mir Cəlal Paşayev adına məqsədli təqaüdünün qalibi elan edilib. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsi Nuridə İsmayılova təhsildəki uğurlarına görə bu mükafata layiq görülüb.
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli isə qeyd edib ki, Mir Cəlal Cəlil Məmmədquluzadədən sonra Azərbaycan klassik hekayə janrının çox böyük ustadıdır. Mir Cəlalın "Dirilən adam" romanı isə Azərbaycanda psixoloji romanın ilk böyük nümunəsidir. "Bir gəncin manifesti"ni Azərbaycan ədəbiyyatının şedevri adlandıran AMEA prezidenti vurğulayıb ki, Mir Cəlal həmişə insana, onun mənəvi aləminə sadiq yazıçı olub. Mir Cəlal ustad müəllim kimi Azərbaycan maarifçiliyinə öz möhürünü vurub.
    Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, BDU-nun Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədibə Paşayeva, Milli Aviasiya Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin üzvü, BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanlı, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Məti Bayramlı çıxışlarında Mir Cəlalın Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yerinu vurğulayıb, zəngin insani keyfiyyətlərindən söz açıblar.
    Konfrans öz işini bölmə iclasları ilə davam etdirir. Bölmə iclasları “Mir Cəlal fenomeni”, “Mir Cəlalın ədəbiyyatşünaslıq görüşləri”, “Mir Cəlalın bədii yaradıcılığı: ideya-məzmun istiqamətləri, mövzu və janr xüsusiyyətləri”, “Mir Cəlal əsərlərinin dili”, “Mir Cəlal gənc tədqiqatçıların gözü ilə” mövzularına həsr olunub.
    Konfrans aprelin 19-da Gəncə və Qazax şəhərlərində davam edəcək. BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin qalibləri Gəncədə görkəmli yazıçının ev-muzeyində elan və təltif olunacaqlar. Onun adını daşıyan Gəncə şəhər 39 nömrəli orta məktəbdə, daha sonra Qazax Müəllimlər Seminariyasında tədbirlər keçiriləcək.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR