AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranın bərbad vağzal infrastrukturu

  • + A
  • - A
  • 11-06-2023, 16:11

    Lənkəranın bərbad vağzal infrastrukturu

    Bu şəkli paylaşanların əksəriyyəti diqqəti avtobusların köhnə və yararsız olmasına yönəldirlər, haqsız da deyirlər. Amma başqa bir ciddi çatışmazlıq da var – bərbad vağzal infrastrukturu və ya onun, demək olar ki, olmaması.

    Lənkəranın şəhərxadili və rayondaxil avtobuslarının, eləcə də Lənkəran-Astara, Lənkəran-Masallı, Lənkəran-Boradigah marşrutlarının ilk dayanacağı bazar ərazisində yerləşir. Şəkildə görünən həmin avtobusların bir hissəsidir. Qalanları bazar ətrafına səpələnib. Əsas hissəsi Səmədzadə küçəsində dayanır.

    Aydın məsələdir ki, bazar və ətrafı gəlirli yerdir. Burada torpaq sahəsi şəhərin başqa yerlərindən bahadır. Nəticədə heç nəyə məhəl qoymadan, ağına-bozuna baxmadan ətraf ərazilər ticarət məqsədilə satılıb. Bunu əvvəlki icra başçıları da ediblər, 11 ildir Lənkərana başçılıq edən Taleh Qaraşov isə lap fontan vurub. Mümkün olan hər yer satılıb.

    Belə siyasət nəticəsində bazar ətrafında bərbad vəziyyət yaranıb. Təsəvvür edin, bazarın zibilxanası yoxdur. Zibil yeşiyi qoymağa yer qalmayıb. Antisanitariya vəziyyətinin şəkilləri sosial şəbəkələrdə paylaşılanda icra hakimiyyətinin işçiləri və trolları özlərini yetirirlər ki, camaat zibilləyib. Əhalisi 230 minə yaxınlaşan rayonun yeganə bazarında nəinki zibilxana, bircə dənə zibil yeşiyi olmayanda əlbəttə ərazi zibillənəcək.

    Vağzal infrastrukturu da həmin siyasətin qurbanıdır. Lənkəranın yüzə qədər yaşayış məntəqəsinə gedən kənd avtobuslarının minlərlə sərnişinləri üçün cəmi 21 oturacaqlı gözləmə zalı nəzərdə tutulub. Qalan sərnişinlər yayda günəşin, payız və qışda yağışın və qarın altında, palçığın içində avtobusun gəlməsini gözləyirlər.

    Avtobusları saxlamaq üçün də normal yer yoxdur. Şəkildəki ərazidə də, başqa yerlərdə də avtobuslar günəşin altında dayanır. Sərnişinlər də gəlib otururlar, avtobus yola düşüb pəncərədən bir az meh gələnə qədər cəhənnəm əzabı yaşayırlar. Hərçənd, avtobuslar da dolu olduğundan, meh yalnız qabaqcadan pəncərənin yanında yer tutanlara dəyir.

    Şəhərdaxili avtobusların sərnişinləri üçün nəzərdə tutulan dayanacaqlar da bərbad vəziyyətdədir. Lənkəran-Astara, Lənkəran-Masallı, Lənkəran-Boradigah marşrutlarının sərnişinləri üçün dayanacaq heç yoxdur.

    Bir sözlə, XXI əsrdə, 2023-cü ildə Lənkəranda təkcə avtobuslar bərbad vəziyyətdə deyil (insafən, son aylar 2-3 yeni avtobus gözə dəyir). Vağzal infrastrukturu tamamilə biabırçı haldadır və lənkəranlıların yaşadıqları bu zülm nə Taleh Qaraşovun, nə də qulbeçələrinin vecinə deyil. Əsas bazar ətrafını dükan yeri kimi satmaqdır.
    Qeyd: Məqalə tarixçi, Lənkəran sakini Yadigar Sadıqlının səhifəsindən götürülüb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR