Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə 9-10 iyun 2023-cü il tarixində növbəti “Avropa şəhərciyi” tədbiri ilə əlaqədar, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi fəaliyyət və layihələrə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Lənkərana gəlib.
Səfər proqramına uyğun olaraq bu gün-9 iyun tarixində Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko, İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə Lənkəran Dövlət Universitetinin tələbə-müəllim-professor heyəti ilə görüşmək, Avropa təhsil proqramları barədə məlumatlandırmaq məqsədi ilə LDU-da olub.
LDU-nun Böyük akt zalında keçirilən tədbiri Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb və hörmətli qonaqları universitetdə görməyindən məmnun olduğunu, Aİ ilə qarşılıqlı əlaqələrin universitet üçün böyük perspektivlər açdığını deyib. Rektor LDU-da son illərdə aparılan təhsil islahatlarından, universitetdə kadr hazırlığının təkmilləşdirilməsi istiqamətlərindən, Avropa təhsilinə inteqrasiyadan, xarici universitetlərlə geniş əməkdaşlıqdan danışıb. Bildirib ki, ali təhsilin modernləşdirilməsi, keyfiyyətli kadr hazırlığını təmin etmək üçün əsas diqqət təcrübi biliklərə yönəldilib, xaricdən müasir laboratoriyalar alınıb, turizm və aqrar ixtisaslar üçün tədris-təcrübə bazaları yaradılıb və bu iş sürətlə davam etdirilir. Natiq İbrahimov Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ layihəsində LDU-nun fəal iştirakından ətraflı bəhs edib, universitetin son ildə 3 layihədə iştirakçı olduğunu deyib, bu istiqamətin uğurla davam etdiriləcəyini bildirib.
Görüşdə çıxış edən Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko tələbə və müəllimlərlə görüşdən məmnunluq duyduğunu dilə gətirib. O, tarixə ekskursiya edərək 2017-ci ildə elə bu zalda LDU-nun tələbə və müəllimləri ilə ilk görüşündən söz açıb, qurumun maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşıl enerji” layihəsində LDU-nun da iştirakçı olmağından məmnun olduğunu bildirib Cənab Peter Mixalko Aİ-nin təhsillə bağlı layihələrindən söz açaraq tələbələri bu proqramlarda fəal iştiraka çağırıb.
Aİ-nin Azərbaycan Respublikasında Nümayəndəliyinin, Belçika Krallığının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Almanita Federativ Respublikasının, Macarıstanın, Latviya Respublikasının, Litva Respublikasının, Xorvatiya Respublikasının, Hollandiyanın, Polşa Respublikasının, Rumıniyanın və İsveç Krallığının səfirliklərinin təmsilçiləri LDU-da tələbələrin ifasında “Qarabağ şikəstəsi”ni maraqla dinləyiblər.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetində tələbə və müəllimlərlə keçirilən görüşdə Avropa təqaüd proqramları barədə ətraflı məlumat verilib, Gənc Avropa Səfirlərinin təqdimatı keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko, İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə Lənkəran Dövlət Universitetində qurumun dəstəyi ilə keçirilən təqdimatlara qatılıb və Aİ-nin maliyyə dəsətəyi ilə reallaşan iki layihənin benefisiarlarına baş çəkib. Görüşün sonunda hörmətli qonaqlara xatirə hədiyyələri təqdim edilib, fotolar çəkilib.
Xatırladaq ki, Lənkəran Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirililən “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) layihəsi çərçivəsində qalib şəhər elan olunduğuna görə “Avropa şəhərciyi” tədbiri bu dəfə Lənkəranda keçirilir.