Yəqin çoxunuz hələ də toy şənliklərində yeni ailə quran cütlüyün qucağına məclisdəki oğlan uşağından birinin qoyulduğuna şahidlik etmisiz. Toy əhli, o cümlədən valideynlər hər vəchlə təzə ailədən yaxın gələcəkdə oğlan uşağı gözlədiyini diktə edir. Gəlin, bəyin üzərinə qoyulan bu yükün məsuliyyətini belə dərk etmədən. Kütlə arasında başqaları üçün övlad “yaratmaq” məcbiriyyəti isə bitmir ki, bitmir.
Yenə də, cəmiyyətdəki steriotiplərin aradan qalxmasına ümidlər bəsləyirik, ümidimizi kəsmirik.
Mama- ginekoloq
Nüşabə Əfəndiyeva ilə mövzu üzrə söhbətdən sonra ən azı bu qənaətə gəlmək olar.
Əslində, bu ixtisas sahibi həkimlərimiz demoqrafik vəziyyət üçün sağlam uşaqların dünyaya gəlməsində böyük missiyaya malikdirlər. Çünki ana və gələcək körpənin sağlamlığı, taleyi demək olar ki, nəzarətdə olan hamiləliyin gedişatı, doğru müayinələr və həkim tövsiyəsindən asılıdır.
Uzun illərin təcrübəsinə dayanan həkim N.Əfəndiyevanın sözlərinə görə, son illər praktikada maraqlı müşahidələr ortaya çıxır. Belə ki, həkiminfikrincə, əvvəldə qeyd etdiyim toydan sonra cütlükdən dərhal övlad müjdəsi gözləmək ənənəsi yavaş-yavaş sıradan çıxır.
Əvvəllər həm yeni cütlük, həm də nəvə gözləyən valideynlər dünyaya uşaq gəlməsinə tələsirdilər. İndi gənclərin çoxu 30 üstü nikaha girsələr də, dərhal övlad sahibi olmaq istəmirlər.
Bu bir tərəfdən yaxşıdır, ona görə ki, ailə planlaması üzrə dünyaya övlad gətirmək daha doğru addımdır. Həm gələcək ana və ata bunun məsuliyyətini yaxşı dərk edir, həm də, doğulan körpə qayğı, sevgiylə əhatə olunur. Onu da unutmaq olmaz ki, qadınların ən münasib hamiləlik yaşı 18-35 yaş aralığındadır. “Hələ yox”, “hələ tezdir” deməklə də, ana olmağı gecikdirmək olmaz.
“Qadınlarımız indi daha məlumatlı və planlıdır”Həkim əlavə edib ki, son vaxtlar xanımların ondan doqquzu toydan qabaq və sonra həkim müayinəsinə gəlirlər. Bu onların məsuliyyətli ana olacağından xəbər verir. Doğrudur, nikahdan qabaq iki tərəfin də icbari tibbi müayinəyə cəlb olunması prosesi də öz bəhrəsini göstərir. Övlad dünyaya gətirməzdən qabaq cütlük öz sağlamlıq problemlərini bilsə yaxşıdır. Əks halda, sonradan hamiləliyin gecikməsi, ya da övlada sahib olmamaq məsələsi qadın üzərində qalır. Tanıdığım gənclər vardı, onlar toydan qabaq tibbi müayinə zamanı talasemiya xəstəsi olduğunu öyrəndilər, təəssüf ki, həmin nikah pozuldu, amma ən azı qabaqcadan gələcəkdəki risklərdən xəbərdar edildilər.
Ginekoloqun müsbət qənaətindən biri də odur ki, gəlin və hamilələr həkim müayinəsinə öz qərarı ilə gəlirlər:
“Əvvəllər həkimə gələn gəlinləri demək olar ki, qaynana, baldız müşayiət edirdi. Pasiyent də problemlərini açıq deməkdən çəkinirdi, indi bu hallar azalıb.”
“Qadınlar oğlan, kişilərsə qız övladı arzulayırlar”Praktikanızda yenə də doğulanın cinsi ilə maraqlananlar çoxdurmu?Sualı cavablandıran həkimə görə, oğul valideyni olmaq həmişə arzu edilib. “Səbəbləri çoxumuz bilirik, oğul ailənin soyunu davam etdirsin, gələcəkdə yaşlanan valideynlərinə həyan olsun, həmişə xeyir dua belə verilib.
Cəmiyyətin sterotipləri yenə də öz sözünü deyir. Oğlan uşaqlarına üstünlük verənlər az deyil. Maraqlısı odur ki, ötən on illə müqayisədə indi kişilər qız, analarsa daha çox oğlan uşaqları arzulayırlar. Oğul atası olmaq, ilk övladın oğul olması ailə üçün hər zaman böyük məqsədə çevrilib. “Kişinin oğlu olar” deyimi ilə indi qadınlarımız, bəy anaları fəxrlə danışırlar.
Bir xanım vardı, qızları vardı, üçüncünün də qız uşağı olarsa, aborta gedəcəyini deyirdi. Həyat yoldaşı isə, əksinə, yenə də qız uşağının olmasından narahat deyildi, amma ana israrla oğlan uşağı istəyirdi. Biz belə hallarda həmişə valideynlərə cinsin əhəmiyyətli olmadığını başa salırıq, gələcək körpənin sağlamlığının vacib olduğunu və onun planlı dünyaya gəlməsini deyirik.”
“O qədər olub ki, ananı abort qərarından döndərmişik”Azərbaycan dünyada doğulanların cins nisbətinin pozulmasına görə dünyada liderlik edir. Ehtimalların ən böyüyü odur ki, ölkə olaraq selektiv abortlara üstünlük veririk. Rəsmi statistika deyir ki, 2021-ci ildə doğulan hər 100 qıza 116 oğlan düşüb, ötən il göstərici üzrə hər 100 qıza 112 oğlan düşüb. Bu onu göstərir ki, cəmiyyətdə iş aparmaqla cins balansına nail olmaq mümkündür.
Müsahibim selektiv abortların da azaldığını deyib, buna səbəb səhiyyə islahatları çərçivəsində dölün cinsinin açıqlanmaması tövsiyəsinin diqqətə alınmasıdır.
“Çox istəyərdik ki, abort yalnız tibbi göstəriş, ana və ya uşağın sağlamlığı təhlükədədirsə, yaxud xüsusi hallarda (məcburi cinsi yaxınlıq zamanı, cinsi zoraklılığa məruz qalma, erkən nikah zamanı) həyata keçirilsin.
Amma abort istəyənə tam qadağa da qoymaq olmaz, bu qadının haqqıdır və doqquzuncu həftəyə qədər onun istəyi ilə hamiləlik pozula bilər. Abortun qadın sağlamlığı üçün o qədər riskləri var ki, bəzən biz həkim olaraq xanımlarımızla fəsadlar barədə günlərlə söhbət etməli oluruq. Olub ki, arzuolunmaz hamiləlikdən qurtulmaq istəyənləri ultrasəs müayinəsi həkimi ilə bigə qərarından döndərmişik. Hətta bilərəkdən dölün aborta uyğun həftəsinin keçdiyini belə demişik, sonra uşaq dünyaya gəldikdən sonra bizə təşəkkür ediblər”
“Ana bətnində dölün cinsinə fərq qoymayanlar məsuliyyətli valideynlər olacaqlar” N. Əfəndiyeva deyib ki, son illər insanlar arasında abortdan çəkinmə hallarında dini inanclar da rol oynayır: “Əvvəllər də “cana qəsddir”, “abort övladını bilərək öldürməkdir”, “abort günahdır” düşüncəsi ilə abortdan çəkinənlər olurdu. İndi bu hal çoxalıb, əslində bu ananın xeyirinədir.
Həm də burada bir məqam da var, abort əleyhinə olan inanclı insanlar, elə doğulanın cinsi üçün də fərq qoymurlar. Əgər övlad dünyaya gətirən ana üçün oğlan və ya qız fərq etmirsə, gələcəkdə övladlar arasında ayrıseçkilik də etməyəcək.
Nüşabə həkim bir daha xatırlatma edib ki, qadının oğlan və ya qız övladı dünyaya gətirməsində çox halda analar təqsirləndirilir. Bu təqsirləndirmə yüngül formada olsa belə, xanımlar da bəzən bu “ittiham”la barışır. Halbuki, dölün cinsi anadan yox, kişidən asılıdır.
Raminə Eyvazqızı