Millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev yazır...
"Elm və təhsil nazirliyində çalışan çoxbilmişlərdən biri bizim “aşağı balla qəbul olunan tələbələrin gələcəkdə yaxşı mütəxəssis olmaq şanslarının az olması və buna görə də diplomlu “mütəxəssis”lərin sayı artmaqla, diplomlu işsizlərin də sayı artacağı” barədə fikrimizi şərh edib. Bu özündən razı çoxbilmiş yazır ki, belə yanaşma Ali təhsillə bağlı təsəvvürlərin yanlış olması səbəbindən meydana çıxır. Ali təhsili dərindən bilən tədqiqatçı alim Vüsal Kərimli bu adama çox tutarlı cavab verdi, onun Ali təhsildən xəbəri olmadığını izah etdi, lakin yenə də bəzi məsələlərə aydınlıq gətirmək lazımdır.
Adam 17 il bundan əvvəlki statistikanı misal gətirir. “2006-ci ilin statistikasına görə (UNESCO) Azərbaycanda ən kasıb əhalinin (25-29 yaşlı) yalnız 3%-i, ən varlı əhalinin isə 58%-i ali təhsilə yiyələnə bilir. Məlumdur ki, qəbul imtahanlarında az bal toplamağın səbəblərindən biri də maddi rifahdır.” Göstərdiyi diaqramda Ermənistan bizdən bir neçə pillə yuxarıdadır. Guya Ermənistanda kasıb əhali daha çox təhsilə cəlb olunub. Azərbaycanda bütün vətəndaşların təhsil hüquqları təmin olunur. Qəbul imtahanlarında hər kəsə biliklərini sərbəst şəkildə ifadə etməyə imkan yaradılır. İndi görün bu adamın dediyindən nə çıxır. Dolayısı ilə etiraf edir ki, kasıbların çoxunun repetitor tutmağa pulu çatmadığından az bal toplayırlar. Bu təhsil təsəvvürü olmayanların viran qoyduqları Orta məktəblərin nə kasıba, nə də varlıya proqramların normal şəkildə mənimsənilməsinə gücü çatmır. Dövlət babamız təhsilə ayırdığı vəsaiti əhalinin bütün təbəqələrinin normal təhsil alması üçün ilbəil artırır. Bu çoxbilmiş sonra yazır: “Hətta minimum keçid balı toplamış universitetlərə qəbul olunanların sayının artması az təminatlı insanların ali təhsilə əlçatarlılığını artırmaqla gələcəkdə bu insanların daha yaxşı rifaha çatmaq şanslarını artırır.” Azərbaycan Beynəlxalq Universiteti hər il 10 min tələbə qəbul edirdi, bunların 90 faizi 0-100 bal toplayanlar idi. Bunların rifah halı necədir indi? Əslində bu hal minlərlə gənci peşə təhsilindən ayırdı. Ali təhsilli işsizlər ordusu yaratdı. Təhsil təsəvvürü yanlış olanlar bunu bilməzlər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru zəif nəticə göstərənlərin hesabına tələbə sayını 7mindən 17 minə çatdırdı. Həmin artım kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnının səsləndirilməsində özünü göstərdi. Neft, sənaye, texnika və texnologiyalar üzrə mütəxəssis hazırlayan ali məktəbdə 150 bal toplayan tələbə təhsil ala bilməz. Orta məktəb riyaziyyatını bilməyən, Ali riyaziyyatı necə öyrənə bilər? Ali məktəb üçün bu təhsil haqqı və kəsrlərdən yaranan milyonlarla kredit borclarının ödəniməsi baxımından faydalıdır. Bəs əmək bazarının təlabatı və məzunun gələcək rifah halının yaxşılaşdırılmasını düşünürsünüzmü? Yüksək texniki peşə təhsilində kimlər oxuyacaq? Mən Ali məktəblərdə tələbə sayının artırılmasının tərəfdarıyam, lakin bu, Orta təhsilin keyfiyyətinin sürətli inkişafı ilə birbaşa bağlıdır. Təəssüflər olsun ki, bizim orta məktəblər repetitor mərkəzlərinə çevrilib. Bəli, kasıb bu bazarda özünə yer tapa bilmir...".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.