"Açıq mikrofon" aksiyasının başqa bir adı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Səyyar qəbul otağı"dır. Həm sahibkarların, həm də sakinlərin burada qaz təchizatı ilə bağlı səsləndirdiyi bütün müraciətlər rəhbərliyə təqdim olunacaq. Ona görə də probleminizin həllinə yardımçı olmağımız üçün müraciətlərinizi açıq şəkildə səsləndirməyinizi sizdən xahiş edirik". Bu sözləri Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Masallı rayonunda sahibkarlarla keçirilən görüş zamanı deyib. Daha sonra mikrofon önünə keçən sahibkarlar müraciətlərini səsləndiriblər. Çörək istehsalı ilə məşğul olan sahibkarlıq subyekti Cavad Əhmədov faktiki fəaliyyət növü nəzərə alınaraq hal-hazırda ödəniş etdiyi kommersiya tarifindən istehsal tarifinə keçirilməsini xahiş edib. Kərpic zavodunun nümayəndəsi Rahim Sədullayev qış aylarında bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu, lakin müraciət etdikdən sonra bu problemlə üzləşmədiklərini bildirib. Sahibkarlarla yanaşı, sakinlər də "Açıq mikrofon"un imkanlarından yararlanıblar. Görüş zamanı səsləndirilən hər bir müraciət qeydə alınıb və sakinlərə lazımi izahatlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.