AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son 32 ildə üç mindən çox insan mina qurbanı olub - HESABAT

  • + A
  • - A
  • 27-09-2023, 09:04

    Son 32 ildə üç mindən çox insan mina qurbanı olub - HESABAT

    “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin icrasını sona çatdırır.

    Birlikdən QHT.az- a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Layihənin məqsədi işğaldan azad olunan ərazilərdəki mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı problem barədə hesabat hazırlayıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir. Hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları, insanların mina qurbanı olmasının səbəbləri, beynəlxalq birliyin Azərbaycandakı bu problemə münasibətinin göstərilməsi nəzərdə tutulub.


    Birliyin sədri Hafiz Səfixanov bildirib ki, bu məqsədlə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Tər-tər rayonlarına səfərlər edərək monitorinqlər keçirilib, bu ərazilərdə fəaliyyət göstərən mina təmizləmə və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirərək məlumat toplusu əldə edilib: “İşğaldan azad edilmiş 11270 km2 ərazinin təmizlənməli olduğunu, bəzi ekspertlər bu ərazilərdə bir milyondan çox mina və partlamamış hərbi sursatın olduğunu bildirir. Ən azı 8235 km2 ərazidə minaların olması təsdiqlənib ki, bunun da 1479 km2 yüksək çirklənmə səviyyəsindədir. 2020-ci ilin noyabr ayından bu ilin 01 sentyabr 2023-cü il tarixədək işğaldan azad edilmiş ərazilərdə minalardan və PHS-dan təmizlənmiş ərazinin ümumi sahəsi 95 317.7 hektar təşkil etmişdir ki, buradan da 93,410 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilmişdir. 1998-ci ildən 10 noyabr 2020-ci ilədək ANAMA tərəfindən 543 094 633 m2 ərazi təmizlənib, 809 328 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb”.

    Əldə etdiyimiz məlumatlar və monitorinqlər göstərir ki, işğaldan azad olunmuş ərazilərdə minalar və PHS-in sayı həddindən çoxdur, Ermənistan tərəfindən minaların qoyulmasında qanunauyğunluq yoxdur, bir çox ərazilərdə minalar çox sıx yerləşdirilib. Minatəmizləmə əməliyyatları zamanı 1 m2 yerdən bəzən 6-8 piyada əleyhinə mina tapılıb, minalara yalnız keçmiş təmas (Ohanyan səddi) xəttində deyil digər ərazilərdə də rast gəlinir. 10 Noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçılarının imzaladığı Üçtərəfli Bəyanatdan sonra baş vermiş 188 hadisədən 136 hadisə keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə baş verib, nəticədə 231 şəxs həlak olub və yaralanıb.

    Hesabatda mina tələlərə aid məlumatlar xüsusi bölmədə əks olunub. Burada mina tələlərin aşkar edildiyi ərazilər, onların konfiqurasiyası və qurbanları haqqında müfəssəl məlumat verilir. Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Ağdam rayonunun Orta Qərvənd, Füzuli rayonunun Qorqan kəndlərinin və Xocalı rayonunun ərazisində mina tələlərin quraşdırılmasına dair məlumatlar hesabata daxil edilib.



    Hafiz Səfixanov həmçinin bildirib ki, layihənin icrası zamanı Böyük Britaniya, Almaniya, Fransa səfirləri, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Macarıstan və Latviya səfirlərinin müavinləri, ABŞ səfirliyinin siyasi müşaviri ilə görüşlər keçirilib: “Bundan başqa Cenevrə şəhərində təşkil olunan “Cənubi Qafqazda mina problemləri” adlı tədbirdə iştirak edərək əldə edilmiş bütün məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir çərçivəsində Almaniya və İtaliyanın BMT-dəki nümayəndəliklərində, Fransanın mina problemləri ilə məşğul olan rəhbər şəxsi ilə, BMT İP nümayəndələri ilə görüşlər keçirilib. Minalar Əleyhinə Beynəlxalq Kampaniyanın yeni rəhbərləri ilə Azərbaycandakı mina/PHS problemləri ətraflı müzakirə olunub və beynəlxalq ictimaiyyətin bu problemə diqqət yetirməsi vurğulanıb”.

    Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş rayon ərazilərinə ANAMA tərəfindən 925 ədəd xəbərdaredici bilbordlar, 6 ədəd irimiqyaslı bilbordlar quraşdırılıb, 200 000 ədəddən çox çap materialları (poster, broşur və.s) UNİCEF və UNHCR ilə bu sahədə birgə əməkdaşlıq çərçivəsində istehsal edilərək paylanılıb. Bununla yanaşı 46 900 ədəd “Mina Təhlükəsi” adlı kitablar çap edilərək Təhsil Nazirliyi vasitəsi ilə Regional Təhsil idarələrinə və məktəblərə çatdırılıb. “Təlimçilərin Təlimi” və Ümumi Maarifləndirmə tədbirləri çərçivəsində işğaldan azad olunan ərazilərə səfərlər edən və yaxud həmin ərazilərdə fəaliyyət göstərən, eləcə də Zəngilan rayonunun Ağalı kəndinə, Laçın rayonunun Zabux kəndinə, Füzuli şəhərinə geri qayıdan əhaliyə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri həyata keçirilib. Bundan başqa 200-ə yaxın dövlət və özəl qurumların əməkdaşlarına təlimlər keçirilib.

    Ümumilikdə müharibədən sonrakı dövrdə 429 947 nəfər UNİCEF, UNHCR və ANAMA tərəfindən keçirilən PSTM təlimlərindən faydalanıb. 12 səhifəlik hesabatda mina qurbanları ilə bağlı son rəsmi məlumat da əks olunur və bildirilir ki, “10.10.2020 – 26.09.2023 tarixlərdə 48 nəfəri mülki şəxs olmaqla 63 nəfər həlak olub və 101 nəfəri mülki şəxs olmaqla 254 nəfər mina və PHS qurbanı qeydə alınıb. 1991-ci ildən 26 Sentyabr 2023-cü il tarixədək 3396 nəfər mina və PHS qurbanı olub. Qurbanların 38 nəfəri qadın və 357 nəfəri uşaqlardır.

    Qeyd edək ki, layihə 3 ay müddətində icra olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR