Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında olub və burada müalicə alan hərbi qulluqçularla görüşüb.
Hospitalın Poliklinika, Cərrahiyyə, Əməliyyat və Yoluxucu xəstəliklər bölmələrində olan səlahiyyətli nümayəndəyə hərbi tibb müəssisəsinin fəaliyyət imkanları barədə məlumat verilib. Qeyd edilib ki, muxtar respublikada ən böyük tibb müəssisələrindən biri olan mərkəzi hospitalın bütün bölmələri, o cümlədən əməliyyat otaqları ən müasir avadanlıqlarla təchiz olunub, peşəkar tibbi personalla komplektləşdirilib. Burada laporaskopik cihaz vasitəsilə qapalı əməliyyatların aparılması da mümkündür. İnfeksion xəstəliklərin müalicəsi hospitalın modul tipli yoluxucu xəstəliklər bölməsində həyata keçirilir.
Fuad Nəcəfli hərbi qulluqçuların səhhəti ilə maraqlanıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək hər birinə hədiyyələr təqdim edib.
Sonra Mərkəzi Hospitalın tibbi heyəti və hərbi qulluqçularla görüşən Fuad Nəcəfli 2023-cü ilin ölkəmiz üçün olduqca uğurlu il olduğunu, “Heydər Əliyev İli”ndə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman övladlarımızın şücaəti nəticəsində suverenliyimizin tam bərpa olunduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar ildə Naxçıvanda da mühüm layihələrə başlanılıb.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrasının Naxçıvanda böyük infrastruktur və sosial layihələrin icrasına geniş imkanlar yaradacağını vurğulayan Fuad Nəcəfli tibbi personala Vətən keşikçilərinin qayğısına qaldıqlarına görə təşəkkür edib, hər kəsə qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb, 2024-cü ildə daha böyük uğurlar və cansağlığı arzulayıb.
Tibb xidməti polkovniki Ramil Cəfərli göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, həmin gün Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında müalicə alan hərbi qulluqçular, eləcə də tibb işçilərinə 200 bayram hədiyyəsi verilib, gətirilmiş ərzaq məhsulları hospitala təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.