AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsində Azərbaycanın yanaşması beynəlxalq hüquqa əsaslanır

  • + A
  • - A
  • 12-01-2024, 13:22

    Dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsində   Azərbaycanın yanaşması beynəlxalq hüquqa əsaslanır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Post münaqişə dövrünün ən mühüm məsələləri sırasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası xüsusi yer tutur. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüququn fundamental prinsipi olan sərhədlərin toxunulmazlığı dövlət suverenliyinin başlıca komponentlərindən biridir. Bu məsələnin fövqəladə əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev 23 may 2022-ci il tarixində müvafiq sərəncam imzalayaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalamışdır. Həmçinin 14 dekabr 2023-ildə Nazirlər Kabineti “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”ni təsdiq etmişdir.
    Ölkəmizin sərhəd məsələsində mövqeyi birmənalı olaraq müasir beynəlxalq hüquq normaları və prinsiplərindən qaynaqlanır.
    SSRİ-nin süqutundan sonra keçmiş müttəfiq respublikaların inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir və bu yanaşma beynəlxalq hüquqda təşəkkül tapmış “uti possidetis juris” prinsipinə tamamilə uyğun gəlir. Bunun təsdiqini beynəlxalq məhkəmə orqanlarının presedent təcrübəsinə və çoxsaylı beynəlxalq sənədlərdə tapmaq olar. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədlərinin bərpası sahəsindəki yanaşması beynəlxalq hüquqla birmənalı olaraq müdafiə olunur.
    8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata bəyannaməsinin ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cü və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərçivəsində mövcud olan sərhədlərin toxunulmazlığının tanınması və onlara hörmətlə yanaşmasını təsbit etmişdir.
    Həmçinin 1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində Avropa Birliyi tərəfindən qəbul edilmiş “Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınması üzrə Prinsiplər” bəyannaməsində göstərilmişdir ki, Avropa İttifaqı və üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin töxunulmazlığını rəhbər tutur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sənəddə birliyin üzv-dövlətlərinin ümumi mövqeyi təsdiq edilərək, təşkilat tərəfindən 1975-ci il tarixli Helsinki Yekun Aktına və 1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Paris Xartiyasına sadiqlik təsdiq olunmuşdur.
    Məsələnin digər tərəfi sərhədlərin bərpası prosesində müvafiq topoqrafik sənədlərin istifadə edilməsidir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində bu mühüm məsələyə toxunaraq qeyd etmişdir ki, “əgər biz siyasi əsaslara istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. Bu olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX-ci əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Erməni tərəfinin 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoymasına və məhz 1970-ci illərin xəritəsinin əsas kimi götürməsinə dövlətimiz heç vaxt razılıq verə bilməz”. Dövlət Başçısının dediyi kimi, “ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq.”
    Hər bir halda, Azərbaycanın delimitasiya və demarkasiya məsələlərində mövqeyi ədalətli və məntiqlidir və birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır.
    Cənubi Qafqazda bütövlükdə beynəlxalq təhlükəsizlik rejiminin təmin edilməsi üçün dövlət sərhədlərinin bərpası əsas şərtlərdən biridir və dövlətimiz bu istiqamətdə fəaliyyətini qətiyyətlə davam etdirəcək.
    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
    7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisəsi olaraq, müstəqillik dövründə ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək. Erməni təcavüzü nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur edilən vətəndaşlarımız əvvəllər yaşadıqları şəhərlərdə, kəndlərdə və qəsəbələrdə səs verəcəklər. Bu tarixi hadisənin fonunda radikal müxalifətin qərəzli mövqe tutaraq, boykota çağırışlar etməsi siyasi acizlik və təxribat kimi qiymətləndirilməlidir.
    Azərbaycanda xalq-iqtidar birliyinin ən yüksək pillədə olduğu zamanda və seçkilərdə bütün namizədlərə bərabər hüquqlu imkanlar yaradıldığı şəraitdə hər bir siyasi təşkilatdan və onun rəhbərindən yüksək məsuliyyət tələb olunur. Siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasından sonrakı dövrdə seçkilərin keçirilməsi bir daha sübut etdi ki, bu əhəmiyyətli tədbirə rəsmi dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar qatıla bilərlər. Belə səmərəli imkandan istifadə etmək və sağlam rəqabət aparmaq əvəzinə radikallar tamamilə destruktiv mövqe tutdular. Milli həmrəyliyə zərər verən bu cür yanaşma stabil elektorata malik olmayan qüvvələrin siyasi arenada legitim vasitələrə deyil, siyasi manipulyasiyalara müraciət etməsini bir daha qabarıq formada göstərdi. Ancaq nəzərə almaq lazımdır ki, heç bir qüvvə Azərbaycanda beynəlxalq standartlara cavab verən, ədalətli, şəffaf seçkilərin keçirilməsinə mane ola bilməyəcək və möhkəm hüquqi bünövrəyə əsaslanan əhəmiyyətli siyasi tədbir Azərbaycan xalqının iradəsini tam əks etdirəcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR